Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (ICD), İslam İnkişaf Bankı (IsDB) və İslam İnkişaf Bankı İnstitutu (IsDBI) Azərbaycanda İslam maliyyə infrastrukturunun dəstəklənməsi və gücləndirilməsi məqsədilə sıx əməkdaşlıq edəcək.
AMB: İslam bankçılığı kimi alternativ alətlərindən istifadə nəzərdən keçirilir
FED.az xəbər verir ki, bu barədə korporasiyanın baş investisiya direktoru Baa Əldin Yəhya Kirimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əli Əhmədovla ölkədə İslam maliyyəsi və kapital bazarının inkişafı məsələləri üzrə dialoqun dərinləşdirilməsi məqsədilə keçirilən görüşündə bildirilib.
Müzakirələr zamanı Azərbaycanda özəl sektorun inkişafını dəstəkləmək üçün resursların səfərbər edilməsi aləti kimi sukukun potensialına xüsusi diqqət yetirilib.
"Gələcəkdə energetika, istehsal və aqrobiznes kimi əsas sahələrdə özəl sektorun inkişafı təşəbbüslərini stimullaşdırmaq məqsədilə sukuk istiqrazlarının buraxılışı üçün imkanlar var. AMB-nin normativ dəstəyi ilə biz ölkədə özəl sektorun gücləndirilməsinə kömək edə bilərik", - ICD-dən qeyd ediblər.
Hazırda ICD nümayəndə heyəti ölkənin özəl sektoru ilə əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycanda üçgünlük səfərdədir. Səfər çərçivəsində həmçinin Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AIC) rəhbərliyi ilə görüşlər keçirilib.
"ICD kiçik və orta sahibkarlığa yönəlmiş maliyyələşdirmə proqramlarına maliyyə və texniki dəstək göstərmək üçün fond və AIC ilə sıx əməkdaşlıq qurmağa çalışır. Vəsaitlər manatla ayrıla bilər. Gələcəkdə biz bərpa olunan enerji mənbələri, istehsal, emal və qida məhsulları kimi əsas sektorlarda birgə maliyyələşdirmə üçün böyük potensial görürük. Bu strateji tərəfdaşlıq kiçik və orta sahibkarlığın imkanlarının genişləndirilməsinə və Azərbaycanın bütün ərazisində özəl sektorun inkişafının sürətləndirilməsinə yönəlmiş genişmiqyaslı milli təşəbbüsə yol açacaq", - məlumatda vurğulanıb.