Azərbaycanın qiymətli kağızlar bazarında gözlənilən mühüm yeniliklərdən biri beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdə Azərbaycan manatında istiqrazlar buraxması olacaq.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən “Azərbaycanda kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivləri” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda xarici təşkilatların Azərbaycan milli valyutasında (manatda) qiymətli kağız buraxması üçün şərait yaradılıb. Nəticədə kiçik və orta biznesin aşağı faizli uzunmüddətli maliyyə reseurslarına çıxışı asanlaşacaq. Yəni həmin kağızların buraxılması nəticəsində aşağı faizli kreditlərin verilməsi asanlaşacaq.
Eləcə də bax: Banklara və müəssisələrə milli reytinq veriləcək - HAZIRLIQ TAMAMLANIB
İ.Alışov bildirib ki, kapital bazarına əlavə vəsaitlərin cəlb edilməsi üçün «Sekyuritizasiya haqqında» qanun da dəyişdirilməli, müasir dövrə, mövcud preallığa uyğunlaşdırılmalıdır: «Bunun nəticəsində biz likvid vəsaitlərin kapital bazarlarına cəlbedilməsinə nail olacağıq və bu da bazarda böyük canlanma yaradacaq». Palata rəhbərinin sözlərinə görə, hazırda bank sektorunda yetərincə likvid aktivlər firmalaşıb.
Palata rəhbəri bildirib ki, qiymətli kağızlar bazarında baş verən proseslərə yerli biznes də hazır olmalıdır: «Xarici təşkilatların Azərbayanda fəaliyyətə başlaması ilə yanaşı, sahibkarların bu sahədə sahiblik düşüncə tərzinin dəyişdirilməsi tələb olunur. Buna nail olmaq üçün ciddi addımlar atılır, o cümlədən təbliğat və maarifləndrmə işləri aparılır».