İran parlamenti iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiani istefaya göndərib.
FED.az İranın İRNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu gün İran parlamentində iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasianin impiçmenti üzrə səsvermə keçirilib. Səsvermədə 260 deputat iştirak edib. Onlardan 121-i Məsud Kərbasianin lehinə, 137-si isə əleyhinə səs verib, iki deputat bitərəf qalıb.
Xatırladaq ki, avqust ayının əvvəllərində İran rialı qara bazarda dollara nisbətdə rekord həddə - 120 min riala qədər ucuzlaşıb. Mayın sonlarında isə bu rəqəm 65 min rial təşkil edirdi. Bu proses inflyasiya və istehlak mallarının, yanacağın qiymətlərinin artması ilə müşayiət olunub. Bu da ictimaiyyət arasında narazılıq doğurub.