İran Mərkəzi Bankı, ticarət şirkətlərinin ABŞ dolları istifadə edərək idxal sifarişi verməsinin qadağan olunduğunu açıqlayıb.
FED.az xəbər verir ki, İranın Mərkəzi Bankı tərəfindən Sənaye, Mədən və Ticarət Nazirliyinə göndərilən təlimat əsasında, idxalçıların dollar əvəzinə digər valyutalar ilə mal sifariş verə biləcəyi qeyd edilib.
İran mediası, qadağa qərarının, ABŞ-ın 2015-dəki nüvə müqaviləsinə baxmayaraq İranın bank sistemi üzərində davam etdirdiyi məhdudiyyətlər səbəbindən qəbul olunduğunu bildirir.
İranın "Mehr" xəbər agentliyi, idxalçıların ABŞ sanksiyaları səbəbindən dollar alışını banklar yerinə valyuta şirkətləri vasitəsilə əldə etdiklərini, bu vəziyyətin də valyutadəyişmə məntəqələrində ABŞ dollarına tələbatın artmasına səbəb olduğunu yazır.
Ölkədə ötən günlərdə valyuta məzənnələrində kəskin dəyişikliklərə görə, bir çox valyutadəyişmə məntəqəsi bağlanmış və valyuta əməliyyatı aparan yüzlərlə adam həbs olunmuşdu.