Monetar şərait pul siyasəti qərarlarının, habelə xarici mühitdə və fiskal sektorda gedən proseslərin təsiri altında formalaşmaqla inflyasiyaya azaldıcı təsir göstərir.
Eləcə də bax: “Manatın məzənnəsi sabit qalacaq”
FED.az xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair yaydığı məlumatında bildirilir.
Qeyd edilib ki, valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amil kimi çıxış etməkdə davam edir.
Monetar şəraiti formalaşdıran digər göstərici manatla pul bazası, profisitli dövlət büdcəsi şəraitində 2022-ci ilin ötən dövründə 7.2% azalmışdır. 2022-ci ilin sonuna pul bazasının artım proqnozu azalma istiqamətində təshih edilmişdir (düzəliş edilmişdir - red) ki, bu da inflyasiyaya azaldıcı təsir göstərəcəkdir.
Məlumatda qeyd edilib ki, 2022-ci ilin 1-ci rübündə bank sistemi üzrə kredit portfeli 5.2% artmışdır. Bu dövrdə maliyyə sektorunun depozitləri çıxılmaqla əmanət və depozitlərin məbləği 3.9% artmışdır.
Ötən iclasdan bəri kredit və depozit faizlərində, eləcə də milli valyutada risksiz alətlər bazarındakı faizlərdə əhəmiyyətli dəyişiklik baş verməmişdir.
Qeyd edək ki, pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. (Marja)