"Vergi Məcəlləsinə edilən dəyişikliklər birmənalı olaraq sahibkarların vergi yükünü xeyli artıracaq".
FED.az xəbər verir ki, bunu hüquqşünas-ekspert Əkrəm Həsənov şəxsi "facebook" hesabında yazıb. Ekspert bildirib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərini qorumaq üçün dəyişikliklər layihəsində onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Lakin onların kimliyi hələ də məlum deyil.
"Belə ki, hələ 1 il əvvəl, 29 dekabr 2017-ci il tarixdə “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna 4-1-ci maddə (“Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü”) əlavə edilərək nəzərdə tutulub ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir. Lakin sonuncu hələ də bunu etməyib və hələ də 5 iyun 2015-ci il tarixli “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Qərarı qüvvədədir, halbuki, orada ən azı mikro sahibkarın meyarları müəyyən edilməyib".
Hüquqşünas-ekspert Əkrəm Həsənov
İlin sonuna 2 həftə qalıb, lakin Vergi Məcəlləsinə yeni ildən qüvvəyə minməli olan mühüm əhəmiyyətli dəyişikliklər hələ də rəsmi dərc olunmayıb. Bu dəyişikliklərin qəbulu və qüvvəyə minməsi arasında azı 6 ay olmalıdır ki, sahibkar işini yenidən qura bilsin. Bu baxımdan hesab edirəm ki, ediləcək dəyişikliklər ən tezi iyulun 1-dən qüvvəyə minməlidir.