Dünya Bankı Qrupun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) bu gün Azərbaycan Respublikasının Hökuməti ilə üç əməkdaşlıq sazişi və üç anlaşma memorandumu imzalayaraq, iqtisadiyyatın şaxələndirilməsinə və iş yerlərinin açılmasına yardım etmək məqsədilə ölkənin investisiya mühitini yaxşılaşdırmaq və aqrobiznesin rəqabətliliyini artırmaq səylərini dəstəkləyəcək.
FED.az xəbər verir ki, IFC tərəfindən icra olunan, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Avstriyanın Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilən “Azərbaycanda investisiya mühiti və aqrobiznes rəqabətliliyi” layihəsi sahibkarlıq fəaliyyətini asanlaşdırmağı və Azərbaycanın qeyri-neft iqtisadiyyatına yatırımlar cəlb etməyi özünə hədəf qoyur.
Eləcə də bax: “Bu vaxta qədər IFC Azərbaycana 72 layihə üzrə 500 milyon dolları civarında kredit ayırıb”
Adıçəkilən layihənin icrası üçün IFC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq sazişləri, habelə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə anlaşma memorandumları imzalayıb.
Əməkdaşlıq sazişləri lisenziyalaşdırma və yoxlamaların aparılması qaydalarını sadələşdirməyə, eləcə də Azərbaycan Hökumətinə investisiya siyasəti və təşviqi çərçivəsini inkişaf etdirməyə və birbaşa xarici investisiyaların cəlbi siyasətini icra etməyə yardım edəcək. Layihə həmçinin məşğulluğun önəmli mənbəyi olan və qeyri-neft iqtisadi artımını sövq etmək üçün həlledici əhəmiyyət kəsb edən kənd təsərrüfatı və aqrobiznes sahələrində mövcud olan çağırışları aradan qaldırmağa kömək edəcək. Burada layihə, keyfiyyətli toxumların əlçatanlığını artırmaq, aqrobiznes dəyər zəncirlərini tənzimləyən normaları sadələşdirmək və milli səviyyədə qida təhlükəsizliyinin idarə edilməsi sistemini müasirləşdirmək məqsədi daşıyaraq, özəl bölməyə düşən inzibati yükü azaltmağa və ərzaq məhsullarının ixracını artırmağa kömək edəcək.
Qeyd olunan Saziş və Memorandumların imzalanması mərasimində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri cənab Yaqub Eyyubov Azərbaycan iqtisadiyyatında həyata keçirilən hərtərfli sosial-iqtisadi islahatlar nəticəsində müsbət irəliləyişlərin edildiyini və bu irəliləyişlərin getdikcə artacağını, Beynəlxalq Maliyyə Korporasiyası ilə davamlı əməkdaşlıq çərçivəsində iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlərin və ən qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin diqqət mərkəzində olduğunu qeyd etdi.
Simon Haberli (İsveçrə Səfirliyi, Müvəqqəti İşlər Vəkili, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin direktor müavini) dedi: “Sağlam biznes mühiti və əlverişli investisiya şəraiti özəl sektorun inkişafı və iqtisadi artım üçün əsas şərtlərdir. Biz davam edən islahatların indiki mərhələsində dəfələrlə şahidi oluruq ki, özəl sektorun inkişafı Azərbaycan üçün əsas prioritetdir və ölkə rəhbərliyinin tam dəstəyindən yararlanır. İsveçrə bundan sonra Azərbaycan Hökumətinin yeni iqtisadi model yaratmaq cəhdlərini dəstəkləməyə hazırdır.
“Dayanıqlı və davamlı iqtisadiyyat qurmaq üçün ölkə yeni artım mənbələrindən yararlanmalıdır. Hökumətin bu istiqamətdə addımları bizi sevindirməyə bilməz,” – IFC-nin Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə baş regional rəhbəri c-b Jan Van Bilsen söylədi. – “Bizim məsləhətçi proqramımız yerli bizneslərə böyüməkdə və xarici investisiyaları cəlb etməkdə dəstək verməyə, tənzimləmə normalarını yerli özəl şirkətlər üçün daha rahat etməyə yönəlir. Bu tədbirlər sahibkarlıq subyektlərinə öz fəaliyyətlərini genişləndirməyə və daha çox sayda iş yerlərini açmağa kömək edir.”
Azərbaycan 1995 ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş 56 uzunmüddətli layihəyə 473 milyon ABŞ dolları (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) məbləğində yatırımlar edib. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 100 milyon dollar civarında ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhətçi xidmətləri layihələri icra edib.