İngiltərə Bankı (Bank of England) faiz dərəcəsini 4,75-dən 4,5 faizə endirib.
FED.az xəbər verir ki, bu, 2023-cü ilin iyun ayından bəri ən aşağı faiz dərəcəsidir.
Bankın Pul Siyasəti Komitəsi (MPC) 7-2 səs nisbəti ilə faiz endirilməsinə qərar verib. İki üzv isə daha böyük bir azalma - 4,25 faizə endirilməsini dəstəkləyib. Faiz dərəcəsinin azaldılması borclanmanı ucuzlaşdıraraq xərcləri artırmağa kömək edə bilər, lakin əmanətçilər üçün gəlirlərin azalması riski də yaradır. Bununla yanaşı, İngiltərə Bankı 2025-ci il üçün Böyük Britaniya iqtisadiyyatı üzrə artım proqnozunu 1,5 faizdən 0,75 faizə endirib. Bank, həmçinin inflyasiyanın bu ilin sonuna qədər 4 faizə yaxınlaşacağını proqnozlaşdırır.
Maliyyə naziri Reyçel Rivz faiz dərəcəsinin endirilməsini müsbət qarşılasa da, iqtisadi artım tempindən hələ də razı olmadığını deyib: “Bu gün qəbul edilən qərar ipoteka kreditləri və digər kreditlər üzrə borclanmanı ucuzlaşdıra, lakin əmanət faizlərini azalda bilər”.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.