İstanbulun meri Əkrəm İmamoğlunun korrupsiya ittihamı ilə həbsi Türkiyə xəzinəsinə 35 milyard dollara başa gəlib.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aprelin 3-də, yəni Türkiyədə Ramazan tətilləri başlayanda ölkənin valyuta itkiləri artıq 34,7 milyard dollara çatıb. Başqa sözlə, martın 19-da, İmamoğlu həbs ediləndə Türkiyənin 68,2 milyard dollar olan valyuta ehtiyatları 33,5 milyard dollar aşağı düşüb.
Ölkənin böyük valyuta itkisi ilə üzləşdiyini rəsmilər də təsdiqləyir – Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Qarahan elan edib ki, İstanbul merinin həbsindən sonra lirənin sabitləşdirilməsi üçün 25 milyard dollar satılıb. Ümumiyyətlə martın 19-da türk lirəsi 11% ucuzlaşıb, İstanbul birjasında hərraclar isə bir neçə dəfə dayandırılıb.
Türkiyə mətbuatı bildirir ki, baş verənlər hökumətin ölkədəki inflyasiyanı bu ilin sonunadək 24%-ə endirmək cəhdlərini heçə endirəcək. Qiymət artımını hətta 30% həddində saxlamaq da çətin olacaq.
Bununla yanaşı, maliyyə naziri Mehmet Şimşək bildirir ki, maliyyə bazarlarındakı dəyişikliklər uzunmuddətli deyil və tədricən aradan qalxacaq və inflasiya azalmaqda davam edəcək.