Azərbaycan Fintex Assosiasiyası tərəfindən Azərbaycan Resublikası Mərkəzi Bankı və “Visa Inc.” beynəlxalq ödəniş sisteminin birgə dəstəyi əsasında ölkəmizdə ilk dəfə olaraq Baku Fintech Forum 2023 tədbiri keçirilir.
FED.az xəbər verir ki, Bakı Fintech Forum 2023 ölkədə fəaliyyət göstərən maliyyə institutları ilə yanaşı beynəlxalq maliyyə isntitutlarının cəlb edildiyi ilk regional xarakterli fintex forumudur.
Maliyyə bazarları iştirakçılarının geniş marağına səbəb olan Bakı Fintex Forumu 2023 təşkili fintex ekosisteminin gələcək inkişaf istiqamətlərini müəyyən edəcək effektiv bir platformanın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Fintex forumunda fintex ekosisteminin bu gün və gələcəyi, ekosistemin inkişaf üzrə aparılan qanunvericilik islahatları, investisiya imkanları və onların gələcəyi, fintex ekosistemində startapların fəaliyyət istiqamətləri kimi mövzularda təqdimatlar keçirilərək qarşılıqlı fikir mübadiləsi aparılır. Forumun gündəliyinə prioritet mövzulardan həmçinin rəqəmsal bank və bu sahədə innovasiyaların tətbiqi imkanları, rəqəmsal bankçılıq sahəsində son inkişaf trendləri də daxil edilib.