Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcə layihəsində Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi xətti ilə təmin edilən gəlirlər üzrə proqnozlaşdırma mexanizmi riskli hesab olunur.
Naxçıvanın büdcəsi təsdiq edilib
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Naxçıvan MR-nin 2026-cı il büdcə layihəsinə dair auditor hesabatında bildirilib.
Hesabatda qeyd olunur ki, 2026-cı il üçün Naxçıvan Baş Gömrük İdarəsi xətti ilə büdcəyə 17,5 mln. manat daxilolma proqnozlaşdırılıb. Bu məbləğ 2024-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 4,8 mln. manat az, lakin 2025-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 5,5 mln. manat, cari ilin 9 aylıq icra göstəricisi ilə müqayisədə isə 3,7 mln. manat çoxdur.
Hesablama Palatası vurğulayır ki, əvvəlki illərdə gömrük daxilolmaları proqnoz göstəricilərini əhəmiyyətli dərəcədə üstələyib.
Auditor hesabatında qeyd olunur ki, bu artımların əsas səbəblərindən biri Türkiyə–İran sərhədində yerləşən “Bəzirgan” gömrük keçid məntəqəsində aparılan təmir-bərpa işləri nəticəsində yük nəqliyyatının Naxçıvan MR ərazisi ilə yönləndirilməsi olub. Bundan əlavə, gömrük keçid məntəqələrində yaranan sıxlıq səbəbindən gözləmə müddətlərinin artması və vergi yükünün yüksəlməsi də daxilolmaların artımına təsir göstərib.
Hesablama Palatasının qiymətləndirməsinə görə, daxilolmaların davamlı şəkildə proqnozdan artıq icra olunmasına baxmayaraq, bu tendensiya 2026-cı il büdcə proqnozlarında kifayət qədər nəzərə alınmayıb. Bu isə gömrük gəlirləri üzrə proqnozlaşdırma prosesində iqtisadi əsaslandırmaların zəif olduğunu göstərir. Palata vurğulayır ki, mövcud vəziyyət ya gəlir potensialının tam nəzərə alınmadığını, ya da proqnozlaşdırma metodologiyasının təkmilləşdirilməsinə ehtiyac olduğunu ortaya qoyur.
Bu baxımdan Palata gömrük gəlirləri üzrə proqnozların hazırlanması zamanı faktiki icra meyillərinin, tranzit axınlarının və regional nəqliyyat dəyişikliklərinin daha dəqiq nəzərə alınmasını zəruri hesab edir.









