2023-cü il ərzində Azərbaycan Respublikası dövlət büdcəsindən Sosial İqtisadi İnkişaf Proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikası üçün ayrılmış vəsaitlərin bir qismi 2024-cü ilin müvafiq dövründə də istifadəsiz saxlanılmış, depozit və tapşırıqlar hesabının müvafiq qalıqlarında isə ilin əvvəli ilə müqayisədə əhəmiyyətli azalma müşahidə edilib.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, təqdim edilmiş məlumatlara əsasən, 2024-cü ilin hesabat dövrü ərzində 11 istiqamət üzrə 2748 min manat vəsaitin icrasına başlanılmamış, 6 istiqamət üzrə isə cari ilin müvafiq dövrü üçün xərc edilsə də, 490,9 min manat vəsait istifadəsiz saxlanılıb.
Eyni zamanda, məlumatlara əsasən, 6 ayın yekunu üzrə depozit və tapşırıqlar hesabı üzrə qalıqlarda əhəmiyyətli azalma izlənmiş, ilin əvvəli ilə müqayisədə bu hesabın qalıqları təxminən 50 mln. manat az olmaqla 9,2 mln. manat təşkil edib. Azalmaya həm bəzi istiqamətlər üzrə xərclərin icrası, həm də bəzi qurumların (büdcə təşkilatı olmayan) müvafiq xəzinə hesabındakı qalıqlarından bank hesablarına köçürülməsi ilə bağlı olmuşdur. Təhlillər bu hesabın bəzi qurumlar üzrə qalıqlarının büdcə parametrlərinin tamlığına təsir etdiyi barədə qənaətə gəlməyə imkan verir. (Apa)