2025-ci ildən sonra Azərbaycanın dövlət borcu ÜDM-nin 20%-ni keçməməlidir. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya»da bildirilir.
Sənəddə strategiyanın 3 əsas məqsədi açıqlanıb.
Strateji məqsəd 1: Həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlığını təmin etmək. Bu məqsədlə 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcəkdir (2017-ci ildə ölkənin məcmu dövlət borcunun ÜDM-ə nisbəti 24,3 faiz təşkil edib- FED.az). Eyni zamanda, ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olması hədəflənir.
Eləcə də bax: Azərbaycanın bütün dövlət borcları açıqlandı – DETALLAR
Strateji məqsəd 2: Dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarını ən az xərclə və aşağı risklərlə qarşılamaq. Bu istiqamətdə 2025-ci ilədək xarici valyuta riskinin idarə olunan səviyyədə saxlanılması məqsədilə xarici valyuta nominallı borc öhdəliklərinin 87 faizə qədər azaldılması (mövcud portfel üzrə göstərici 94,3 faiz) nəzərdə tutulur. Eyni zamanda, faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 56 faizi keçməməsi (mövcud portfel üzrə göstərici 49,7 faiz) hədəflənir.
Eləcə də bax: Hökumət xarici borcların artmasının - SƏBƏBİNİ AÇIQLADI
Strateji məqsəd 3: Yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsi. Bu istiqamətdə Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə təkrar bazarın formalaşdırılması üçün zəruri tədbirlər həyata keçirilərək, emissiya prospektlərinin bazar tələbləri və investorların maraqları nəzərə alınmaqla hazırlanması təmin olunacaq.