Azərbaycanda xarici borcun artmasının əsas səbəbi neftin ucuzlaşması və həyata keçirilən iri layihələr olub.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya»da bildirilir.
Sənəddə deyilir ki, 2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarında neftin qiymətinin ucuzlaşması və əsas ticarət tərəfdaşlarında iqtisadi tənəzzül meyillərinin dərinləşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Tədiyə balansının tarazlaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 2015-ci ilin dekabr ayında tənzimlənən üzən məzənnə rejiminə keçidilib və milli valyuta ABŞ dollarına nisbətdə ucuzlaşıb.
Tədiyə balansında və iqtisadi aktivlikdə müşahidə edilən geriləmələr, habelə maliyyə sabitliyinin zəifləməsi borc dayanıqlığı sferasında bir sıra risklər yaradıb, borc məbləğinin manat ekvivalenti və bununla da borcun ÜDM-ə nisbəti artıb, milli valyutanın ucuzlaşması fonunda 2015–2016-cı illərdə ölkə iqtisadiyyatının nisbətən daralması və cəlb edilmiş xarici borclara xidmət xərclərinin artması dövlət büdcəsi üzərində əlavə təzyiqə gətirib çıxarıb.
Eləcə də:
- Azərbaycan Beynəlxalq Bankı-nın sağlamlaşdırılması məqsədilə, bir tərəfdən, ABB-nin qeyri-işlək aktivlərinin onun balansından çıxarılaraq “Aqrarkredit” BOKT-a ötürülməsi və bununla əlaqədar dövlət zəmanətli qiymətli kağızların buraxılması,
- digər tərəfdən isə onun xarici öhdəliklərinin dövlətin üzərinə keçməsi,
- ölkə üçün strateji əhəmiyyət kəsb edən sferalardan biri olan təbii qazın hasilatı və nəqli üzrə müəyyən edilmiş işlərin vaxtında yerinə yetirilməsini təmin etməkdən ötrü “Cənub Qaz Dəhlizi” QSC tərəfindən “Şahdəniz” qazkondensat yatağının tammiqyaslı işlənməsi,
- Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində Cəmiyyətin payına düşən hissənin maliyyələşdirilməsi üçün bir sıra kredit qurumlarından dövlət zəmanəti ilə kredit vəsaitinin cəlb edilməsi borcun səviyyəsinin artmasına səbəb olmuşdur.
Nəticə etibarilə, dövlət borcunun ÜDM-də xüsusi çəkisi və dövlət borcuna xidmət xərcləri artıb.
Eləcə də bax: Azərbaycanın bütün dövlət borcları açıqlandı – DETALLAR