Azərbaycan dövlət büdcəsinin vəsaitlərinin xərclərinin təsnifatlaşdırılması ilə bağlı Hesablama Palatasının tövsiyəsi ilə hökumətin yanaşması fərqli ola bilər.
FED.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövlət büdcəsi vəsaitlərinin həm inzibati, həm funksional, həm iqtisadi təsnifatını təkmiləşdirmək lazımdır: “Büdcənin proqram təsnifatını dərinləşdirməliyik. Əslində, Maliyyə Nazirliyi büdcənin proqram təsnifatını təmin edə bilər. Amma bunun üçün dövlət qurumlarının hər birinin proqram təsnifatının olması tələb edilir”.
O hesab edir ki, ortamüddətli perspektivdə ortamüddətli proqram təsnifatının təmin edilməsi mümkün olacaq. (Report)