“Aparılan təhlillər 2022-ci ilin yenidən baxılan dövlət büdcəsi layihəsində nəzərdə tutulan müdafiə olunan xərclərin qeyri-neft gəlirləri hesabına təmin olunma səviyyəsinin ilkin təsdiq edilmiş büdcə ilə müqayisədə artdığını göstərir”.
Eləcə də bax: Hesablama Palatası büdcəyə dəyişikliklərlə bağlı – RİSKLƏRİ AÇIQLADI
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında deyib.
Onun sözlərinə görə, bu göstərici 2022-ci ilin təsdiq edilmiş büdcəsində 89,4% təşkil etsə də, yenidən baxılmış dövlət büdcəsində qeyri-neft gəlirlərinin artımı nəticəsində yüksələrək 99,8% səviyyəsində proqnozlaşdırılıb.
Palata sədri öz çıxışında büdcə qanunvericiliyindəki boşluqlara da diqqəti yönəldib. Onun sözlərinə görə, boşluqların aradan qaldırılması üçün Büdcə Məcəlləsinin qəbulu nəzərdə tutulur: «Büdcə sistemini tənzimləyən qanunvericilikdə mövcud olan boşluq və uyğunsuzluqların aradan qaldırılması, eyni zamanda qabaqcıl təcrübəyə uyğun fiskal sahəyə dair yeni yanaşmaları da ehtiva edən Büdcə Məcəlləsi ilə bağlı ilkin təkliflərimiz Maliyyə Nazirliyinə təqdim edilib. Bu təklifləri Milli Məclisə də təqdim etməyi nəzərdə tuturuq.
Qeyd edim ki, təkliflərin demək olar ki, yarıdan çoxu fiskal sahəni tənzimləyən qanunvericilikdə boşluqlarla bağlıdır. Burada biz “Büdcə sistemi haqqında” Qanunun 22 maddəsində, “Dövlət borcu haqqında” Qanunun 5 maddəsində, eyni zamanda digər hüquqi aktların 5 bəndində olan uyğunsuzluq və boşluqların Büdcə Məcəlləsində nəzərə alınmasını təklif etmişik, bundan başqa 27 təklif Məcəllədə yeni yanaşmaların tətbiqi ilə bağlıdır».
Palata sədri vurğulayıb ki, ümumiyyətlə, son 5 ildə dövlət büdcəsinin həcmi əhəmiyyətli şəkildə - həm gəlirlər, həm də xərclər üzrə 1,8 dəfə artıb: “Müvafiq dövrdə cari xərclərin təqribən 2 dəfə artması fonunda dövlət büdcəsinin qeyri-neft gəlirləri 1,6 dəfə, qeyri-neft ÜDM 1,5 dəfə artıb. Unutmayaq ki, bu 2 göstərici məhz iqtisadiyyatı təbii resursla zəngin olan dövlətlərdə büdcənin proqnozlaşdırılması zamanı makrofiskal çərçivənin mühüm indikatoru hesab edilir.