Hesablama Palatası 2022-ci ilin büdcəsinə gözlənilən dəyişikliklərlə bağlı fiskal riskləri açıqlayıb.
Eləcə də bax: DSMF-nin büdcəsinin gəlirləri və xərcləri artırılır - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Palatanın büdcə ilə bağlı mövqeyi bununla bağlı rəyində əksini tapıb.
Palata rəydə bildirir ki, 2022-ci ilin yenidən baxılan dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilən sənədlərdə dövlət büdcəsinin yenilənən parametrlərinə təsir göstərən fiskal risklər barədə məlumatlara yer verilməyib. Bununla yanaşı, Palata dəyişdirilməsi nəzərdə tutulan proqnozlar üzrə bəzi risklərin mövcud olduğu qənaətinə gəlib.
Palata xatırladır ki, ümumiyyətlə, hələ 2022-ci ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim edilən sənədlərdə “COVİD-19” pandemiyası, neftin qiymətinin və hasilat həcmlərinin azalması, dövlət zəmanətli və kvazi-dövlət borcları, geniş subsidiyalaşdırılmadan irəli gələn risklər əsas risklər kimi qeyd edilib.
2022-ci ilin dövlət büdcəsinin layihəsinə dair Hesablama Palatası tərəfindən hazırlanan rəydə qeyd edilənlərlə yanaşı, ortamüddətli dövr üçün bu dəfə digər risklərə də diqqət yetirilib.
Onlar aşağıdakılardır:
1) dövlətin cari xərclərinin artırılması hesabına və bunun əsas hissəsinin müdafiə olunan xərc istiqamətlərinə aid edilməsi səbəbindən növbəti illərin büdcələrinə də yükün artırılması;
2) publik hüquqi şəxslərin və dövlət mülkiyyətində olan müəssisələrin büdcədən asılılığı;
3) yeni büdcə modelinə (3 bölmə üzrə OMXÇyə) keçidin gecikməsi.
2022-ci il üzrə makrobüdcə parametrləri üzrə proqnozların dəyişdirilməsi fonunda yenidən baxılan dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilən sənədlərdə yenilənən dövlət büdcəsinin hansı fiskal risklərin təsirinə məruz qala biləcəyi göstərilməyib.
Hesablama Palatası təqdim edilmiş məlumatların təhlilinə əsaslanaraq yenilənən büdcə parametrləri üzrə aşağıdakı risklərin mövcudluğunu qeyd edir:
1. Dövlət büdcəsinin xərclərinin tam icra edilməməsi və qabaqcadan ödənişlərin artması:
Palata bildirir ki, dövlət büdcəsinin xərclərinin icrasının təhlilinə əsasən, son illərdə xərclərin icra faizi təqribən 96% təşkil edib.
Palata diqqəti ona çəkir ki, cari ilin birinci və ikinci yarısında büdcədən xərclənən vəsaitlər bir-birindən ikiqat fərqlənir. Belə ki, ilin ötən dövrü üzrə (yəni ilk 5 ayda) xərclərin icrası 10,5 mlrd. manat olsa da, ilin qalan hissəsində (iyun-dekabr aylarında) büdcə xərclərinin icrası 22 milyard manat gözənilir.
Bundan başqa, palata qeyd edir ki, əvvəlki illərdə dövlət büdcəsinin kassa icrasına aid edilən, lakin bank hesabında qalıq vəsaitləri təqribən 800 milyon manat olub.
Bundan baqqa, qabaqcadan ödəniş məbləğləri nəzərəçarpacaq dərəcədə artıb və 2021-ci ilin sonuna 2,8 mlrd. manat təşkil edib.
Palata qeyd edir ki, investisiya xərcləri üzrə (xüsusilə xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə kreditlərin) icra səviyyəsi də aşağıdır. Bunu nəzərə alaraq Palata hesab edir ki, ümumilikdə 2022-ci ildə xərclərin faktiki icrası aşağı olacaq . Ya da il sonunda xərclərin daha çox icra edilməsi hesabına qabaqcadan ödənişlərin (debitor borc və akkreditivlərin) və ya bank hesablarında qalıqların məbləği böyük olacaq.
2. Qanunvericilikdə sərbəst qalıqdan istifadəyə imkan verən müddəaların mövcudluğu:
Palatanın büdcə ilə bağlı qeyd etdiyi digər fiskal risk qanunvericilikdəki boşluqlardır.
Hesablama Palatasının rəymində bildirilir ki, qanunvericilikdə bir sıra müddəalar üzrə uyğunsuzluqların və boşluqların olması sərbəst qalıq vəsaitlərin ayrılmasına yol açır.
Bu isə büdcə vəsaitlərinin idarəedilməsinə mənfi təsir etməklə gələcəkdə büdcə üçün resurs çatışmazlığı riski yarada bilər. Qeyd edək ki, yenidən baxılan layihədə sərbəst qalığın azalmasına imkan verən xərclərin artımı nəzərdə tutulmuşdur.
3. Xəzinədənkənar əməliyyatların həcminin artması:
Hesablama Palatasını böyük ehtimalla ən çox narahat edən məqam buradadır. Palata bildirir ki, dövlət büdcəsinin xərcləri üzrə nəzərdə tutulmuş budəfəki artımın əsas hissəsi (60%-nin) xəzinədənkənar əməliyyatlar – yəni publik hüquqi şəxslər və dövlət mülkiyyətində olan müəssisələr tərəfindən əsaslı xərclərə yönəldilməsi ilə bağlıdır. «Xəzinədənkənar əməliyyatların artması resurs çatışmazlığı ilə bağlı risklər yaratmaqla yanaşı, xərclərin icrasının izlənilməsini də çətinləşdirir» -deyə palatanın mütəxəssisləri rəydə bildirirlər.
4. Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) tətbiq edilən bölmələr üzrə xərclərdə edilmiş dəyişikliklər fonunda yenilənmiş OMXÇ sənədinin təqdim edilməməsi:
Təqdim edilmiş məlumatlara əsasən OMXÇ tətbiq edilən hər 3 bölmənin xərclərində (1-i üzrə cüzi) dəyişikliklər nəzərdə tutulur. Lakin müvafiq xərclərin proqram və subproqramlar üzrə maliyyələşmə və hədəf göstəricilərini əks etdirən OMXÇ sənədində yenilənməsi ilə bağlı müvafiq məlumatlar layihə ilə birlikdə təqdim edilən sənədlərə daxil edilməmişdir ki, bu da gələcəkdə (il sonunda) icra edilmiş xərclər üzrə keyfiyyət göstəricilərinin ölçülməsində çətinlik yarada bilər.