Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsinin layihəsi müzakirə edilərək təsdiq olunub.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.
Rəy “Büdcə sistemi haqqında” qanunun 27.7-ci maddəsinə, “Hesablama Palatası haqqında” qanunun 2-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 4.1-ci bəndinə müvafiq olaraq hazırlanıb. Rəydə 2018-ci ildə Fondun gəlir və xərcləri barədə məlumat verilib.
İclasda həmçinin Hesablama Palatasının Strateji İnkişaf Planının (SİP) layihəsi geniş müzakirə edilərək təsdiq olunub. SİP 2018-2020-cı illəri əhatə etməklə 5 stateji məqsədin reallaşdırılmasına yönəldilib. Ali audit qurumlarının inkişaf üzrə strateji planına malik olması ali audit qurumlarının beynəlxalq təşkilatı olan INTOSAI-nin qəbul etdiyi standartın (ISSAI 12) tələbi olduğu diqqətə çatdırılıb, nəzərdə tutulmuş məqsədlərin Hesablama Palatasının hazırladığı rəylərin və hesabatların təkmilləşdirilməsi, yeni audit metodlarının tətbiqi, normativ-hüquqi bazanın genişləndirilməsi, potensialın gücləndirilməsi və maraqlı tərəfdaşlarla, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində formalaşdırıldığı qeyd edilib.
Kollegiya iclasında həmçinin Hesablama Palatasının 2018-ci il üzrə İş Planı təsdiq edilib.