Azərbaycan hökuməti 2017-ci ildə birbaşa və zəmanətli xarici borca xidmət göstərilməsi üçün ödənişlərin həcmini 2016-cı illə müqayisədə 19% artırıb. Bu barədə hökumətdən məlumat verilib.
"2017-ci ildə xarici borca xidmət göstərilməsinə dövlət büdcəsindən 855,9 mln. dollar yönəldilib. Bunun 668,7 mln dolları əsas borc üzrə ödənişlərin (artım 17,5%), 187,2 mln. dolları isə faizlər üzrə ödənişlərin (artım 24,9%) payına düşüb", - deyə məlumatda bildirilir.
1 yanvar 2018-ci il tarixinə Azərbaycanın istifadə olunmuş kreditlər və zəmanətlər üzrə xarici borcu 9 mlrd. 398,3 mln. dollar və ya ÜDM-nin 22,8%-ni təşkil edir.
Bununla belə, xarici borcun 5 mlrd. 510,4 mln. dolları və ya 58,6%-i hökumət tərəfindən alınan borcların, 3 mlrd. 331,4 mln. dolları və ya 35,5% - xarici valyutada buraxılmış istiqrazların, 556,5 mln. dolları və ya 5,9% isə dövlət borcu sayılan şərti öhdəliklərin payına düşüb.
2018-ci il yanvarın 1-nə Azərbaycanda əhalinin hər nəfərinə düşən xarici borc 949,5 dollar təşkil edir.
İnterfaks Azərbaycan