Ötən il pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin düzgün hesablanmaması halları müəyyənləşib.
Eləcə də bax: Ötən il koronavirus həkimlərinə 612 mln manat - Ödənilib
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
Rəydə qeyd olunub ki, aparılmış analitik prosedurlar pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi zamanı Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qayda ilə nəzərdə tutulmayan kontingentə əməkhaqqının 3-5 misli həcmində müddətli əlavənin ödənilməsi, pandemiya ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına 3-5 mislində müddətli əlavənin düzgün hesablanılmaması hallarını müəyyən edib ki, bu da son nəticədə, həmin istiqamətdə ayrılmış vəsaitlərin artıq xərclənməsinə şərait yaradıb.
Həmçinin karantin rejiminin təmin edilməsi prosesində müəssisələrin fəaliyyət istiqamətinin və tibb müəssisələrinin koronavirusla mübarizədə fəaliyyət dövriliyinin düzgün müəyyənləşdirilməsi ilə bağlı yol verilmiş nöqsanların ümumilikdə vəsaitlərin məqsədli istifadəsi səviyyəsinə də təsirini göstərib. (Apa)