Gürcüstanın ümumi beynəlxalq valyuta ehtiyatları 2026-cı ilin avqust ayı etibarilə tarixi maksimuma çataraq 8,14 milyard ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.
Bildirilib ki, beynəlxalq ehtiyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 56,4%, əvvəlki ayla müqayisədə isə 613 milyon dollar artıb.
Milli Bankın məlumatına görə, ehtiyatların adekvatlığı Beynəlxalq Valyuta Fondunun metodologiyası üzrə müəyyən edilmiş 100%-lik həddi aşaraq 128,2% təşkil edir.
Qeyd edilib ki, 2024-cü ilin oktyabrından etibarən ölkənin beynəlxalq ehtiyatlarının həcmi təxminən iki dəfə artıb. 2026-cı ilin yanvar-iyul aylarında Milli Bankın valyuta bazarında xalis alışları 2 milyard 566,6 milyon dollar təşkil edib.
Beynəlxalq ehtiyatların tərkibində monetar qızılın dəyəri də artıb. Avqust ayında onun dəyəri əvvəlki ayla müqayisədə 135 milyon dollar artaraq 1 milyard 149,2 milyon dollara çatıb. Monetar qızılın ümumi beynəlxalq ehtiyatlarda payı 14,1% təşkil edib. (Report)












