Gürcüstanda larinin məzənnəsi dollar qarşısında aşağı düşməkdədir. FED.az xəbər verir ki, son bir ay ərzində qonşu ölkədə dolların məzənnəsi 3,3% bahalaşaraq 2,70 laridən 2,79 lariyə yüksəlib.
Son 3 ayda, yəni martın 1-dən isə Gürcüstanda dollar 5,7% bahalaşıb. Əgər mart ayının 1-də dollar 2,62 lari idisə, bu gün məzənnə 2,79 laridir.
Dollarla yanaşı, ABŞ valyutasına bağlanmış manat da lari qarşısında bahalaşmaqdadır. FED.az xəbər verir ki, martın 1-də 1 manat 1,55 lari olduğu halda, bu gün 1 manat 1,64 laridir. Bu son 3 ayda 5,8% bahalaşadır. Təkcə son bir ayda manat lari qarşısında 3,1% bahalaşıb. Nəticədə, mayın 1-də 100 manata 159 lari almaq mümkün idisə, indi 100 manat 164 lariyə bərabərdir.
Maraqlıdır ki, Gürcüstan rəsmiləri larinin dollar qarşısında ucuzlaşmasının dəqiq səbəbini açıqlaya bilməyiblər. Dolların bahalaşmasını şərh edən Milli Bankın prezidenti Koba Qvenetadze bunu qısamüddətli tərəddüd adlandırıb. O, milli valyutanın ucuzlaşmasını, əsasən, xarici faktorlarla əlaqələndirib.
Maliyyə naziri İvane Maçavariani isə hesab edir ki, məzənnənin qısamüddətli titrəyişi bütün ölkələr o cümlədən iqtisadiyyatı kiçik olan ölkələri üçün adi haldır: «Belə hallardan qorunmaq üçün yeganə dərman dolların payının azaldılması, düzgün makroiqtisadi və maliyyə siyasəti aparmaqdır. Biz də bunu edirik».
«Gürcüstan Bankı»nın baş direktoru Arçil Qaçeçiladze isə hesab edir ki, qısa müddətdə lari bahalaşacaq: «Bizim fundamental analizlərimiz, o cümlədən «Galt & Taggart» mütəxəssiçlərinin analizi göstərir ki, yaxın vaxtlarda larinin məzənnəsi möhkəmlənəcək».
Gənc maliyyəçilər və biznesmenlər assosiasiyasının prezidenti Şota Qulbani isə bildirir ki, larinin ucuzlaşmasının bir səbəbi də Türkiyədəki ağır iqtisadi vəziyyət ola bilər: «Türkiyə Gürcüstanın əsas idxalçısıdır və buradan gətirilən mallar Gürcüstanın idxalında 16,4% paya malikdir. Buna uyğun olaraq orada mallar bahalaşanda bunun Gürcüstana da təsiri olur».