Gələn il qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi son 20 ilin ən yüksək səviyyəsinə çatacaq.
Gələn il Azərbaycanda 52 dövlət müəssisəsi dividend ödəməli olacaq
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
2027-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (39 milyard 254 milyon manat) 39,4 faizi və ya 15 milyard 480 milyon manatı neft-qaz sektorunun, 60,6 faizi və ya 23 milyard 774 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.
Sənədə əsasən, son beş il ərzində dövlət büdcəsinin gəlirlərinin faktiki icra göstəricilərində qeyri-neft-qaz sektoru üzrə gəlirlərin xüsusi çəkisi 43,3 faizdən 51,9 faizə yüksəlib.
2027-ci ilin dövlət büdcəsinin gəlirlərinin proqnozlarında isə bu göstəricinin son iyirmi ilin ən yüksək həddinə - 60,6 faizə çatdırılması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin büdcədənkənar vəsaitlərinin maliyyə mənbəyinin dəqiqləşdirilməsi ilə əlaqədar qanunvericiliyə təklif olunan müvafiq dəyişikliklər əsasında eyni gəlirin 2 dəfə tanınmasının qarşısının alınması məqsədilə ümumi cəmdən, o cümlədən qeyri-neft-qaz gəlirlərindən 297 milyon manat azaldılıb.
2026-cı il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə neft-qaz sektorunun gəlirləri (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert daxil olmaqla) 955 milyon manat və ya 5,8 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 1,6 milyard manat və ya 7,2 faiz çox olacaq. 2025-ci ilin icrası ilə müqayisədə neft-qaz sektorunun gəlirləri 3 milyard 348,4 milyon manat və ya 17,8 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 3 milyard 417,8 milyon manat və ya 16,8 faiz çox proqnozlaşdırılır.













