Gələn il büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri açıqlanıb.
FED.az "APA.az"-a istinadən xəbər verir ki, bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Sənəddə qeyd edilib ki, növbəti il üçün nəzərdə tutulmuş büdcə kəsirinin məbləği son illər üzrə ən böyük göstəricidir. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 779,2 milyon manat məbləğində müəyyən edilib. Bu, 2018-ci ilin dövlət büdcəsinin faktiki kəsirindən 2 milyard 556,5 milyon manat və ya 12,5 dəfə çox, 2019-cu il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən isə 757,2 milyon manat və ya 37,4% çoxdur. Dövlət büdcəsinin proqnozlaşdırılmış kəsiri növbəti il üçün nəzərdə tutulmuş ÜDM-nə nisbətdə 3%-lik səviyyədən çoxdur. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2018-ci ildə 1,4% proqnozlaşdırılıb, ilin sonuna 0,3% təşkil edib. Bu göstəricinin 2019-cu ilin sonuna 2,6% olacağı gözlənilir. Növbəti il il üçün bu nisbətin cari ilin gözlənilən göstəricindən 0,7 faiz bəndi çox olmaqla 3,3% təşkil edəcəyi nəzərdə tutulub.