İyunun 1-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın və Şimali Kipr Türk Cümhuriyyətinin üzv olduğu Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis toplantısında qurumun rəhbər heyəti formalaşıb.
Türk Dövlətləri Qiymətləndiricilər Birliyi – TƏSİS EDİLDİ
Qazaxıstan Qiymətləndiricilər Palatasının sədri Askar Omerbekov Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc isə vitse-prezidenti seçilib. 2024-cü ilin iyun ayında Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin ikinci qurultayının Bakıda keçirilməsi, Birliyin prezidenti səlahiyyətlərinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruca dövr edilməsi barədə razılıq əldə olunub.
FED.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc yeni təsis olunan qurumun fəaliyyət istiqamətləri və digər mövzular barədə müsahibə verib.
- Vüqar bəy, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin yaranması ideyası necə və hansı zərurətdən yaranıb?
- Ötən ilin may ayında keçirilən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat seçki yığıncağında cəmiyyətin sədri seçilərkən bəyan etdim ki, dövlət qurumları, assosiativ təşkilatlar, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri ilə AQC arasında əməkdaşlıq artırılacaq. Eyni zamanda, milli qiymətləndirmə standartlarının və vahid məlumat bazasının hazırlanması, qiymətləndiricilərin peşəkar vərdişlərinin artırılması, tədris-sertifikasiya fəaliyyətinin təşkili, eləcə də beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində səylərin gücləndiriləcəyini bəyan etdim. Cəmi bir il ərzində qeyd olunan istiqamətlərin hər biri üzrə ciddi addımlar atılıb. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, son bir il AQC-nin fəaliyyətində ciddi dönüş nöqtəsi olub.
Bu məqamda qeyd edim ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti dünyanın aparıcı beynəlxalq qiymətləndirmə təsisatlarının kollektiv üzvüdür. Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən Türk Birliyi ideyası, ayrı-ayrı sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi qiymətləndiricilər arasında da həmrəyliyi qaçılmaz edirdi. Elə bu məqsədlə AQC sədri olaraq gənc iqtisadçı Mikayıl Mirzəzadəni Türkiyə üzrə səlahiyyətli nümayəndə təyin etdik. AQC sədri olaraq ilk rəsmi səfərim də Türkiyəyə oldu. Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci ilə iki qardaş ölkənin qiymətləndirmə birlikləri arasında Anlaşma Memorandumu imzalandı. Müxtəlif sahələrdə əməkdaşlığı və birliyi özündə ehtiva edən memorandumun əsas bəndlərindən biri də Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin yaradılması ilə bağlı idi.
Sonradan digər türk dövlətləri də bu təşəbbüsə dəstək verdilər. 2023-cü ilin aprel ayında Bakıda “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” keçirildi. Görüşdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan qiymətləndirmə birliklərinin rəhbərləri və nümayəndələri iştirak edirdilər. Birliyin Nizamnamə layihəsi, gələcək fəaliyyət istiqamətində mühüm razılaşmalar əldə edildi. Zirvə Görüşündə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti Marat Baytokov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov və rəhbəri olduğu birliklərin rəsmiləri iştirak edirdi. İyun ayının 1-də isə Qazaxıstanın Türküstan şəhərində Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın və Şimali Kipr Türk Cümhuriyyətinin iştirakı ilə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı keçirildi. Birliyin Nizamnaməsi və gələcək fəaliyyət istiqamətlərinin əks olunduğu sənəd qəbul edildi. Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidenti, mən isə vitse-prezidenti seçildim. 2024-cü ilin iyun ayında Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin ikinci qurultayının Bakıda keçirilməsi, Birliyin prezidenti səlahiyyətlərinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri olaraq mənə dövr edilməsi barədə razılıq əldə olundu.
- Türk dünyasının birliyi ideyası, türk dövlətlərinin vahid siyasi, iqtisadi və mədəni strategiyası barədə təəssüratlarınızı eşitmək maraqlı olardı...
- Dünya sürətlə dəyişir və bəşəriyyətin möhtəşəm elmi-texnoloji, iqtisadi və nəticə etibarilə həm də siyasi transformasiyalar ərəfəsində olduğu aydın sezilir. İzləməkdə olduğumuz tendensiyalar, dünya miqyasında dövlətlərarası münasibətlərin inkişafı istiqamətində formalaşmaqda olan yeni konfiqurasiyalar getdikcə daha maraqlı şəkil almağa başlayır. Hadisələrin gedişatı əminliklə söyləməyə əsas yaradır ki, türk dövlətləri üçüncü minilliyə vahid siyasət və mədəniyyət strategiyası üzrə hərəkət etmək və bu tendensiyanı uğur və qətiyyətlə davam etdirmək əzmi ilə daxil olurlar. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti tərəfindən ümumtürk bayrağının qəbul olunması XXI əsrdə türk dünyasının bütövləşməsi, vahid gücə çevrilərək dünya siyasətində daha önəmli bir statusa yiyələnməsi yolunda atılmış ən mühüm addımlardan biridir. Heç şübhəsiz, bu birliyin yaranmasında qardaş dövlətlərin rəhbərlərinin, ələlxüsus, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz rolu və əməyi var. Bu həmrəylik bütün sahələri əhatə etməlidir – siyasi, iqtisadi, mədəni və s. XXI əsr türk əsridir və türk dövlətləri arasında yüksələn əməkdaşlıq bunun bariz nümunəsidir.
- Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin fəaliyyəti nədən ibarət olacaq? Gələn ilin iyun ayında keçiriləcək Bakı konfransına qədər hansı işləri görmək niyyətindəsiniz?
- Türk Dövlətləri Qiymətləndiricilər Birliyi müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən ali sənəd – nizamnamə əsasında fəaliyyət göstərəcək. Müxtəlif vasitələrlə, o cümlədən qiymətləndirmə bazarının bütün iştirakçıları üçün bərabər şərait yaratmaqla qiymətləndirmə xidmətləri bazarının inkişafına və fəaliyyətinin sabitliyinə nail olmaq, üzvlərinin qiymətləndirmə xidmətlərinin keyfiyyəti ilə bağlı olaraq, üçüncü şəxslərin qeyri-qanuni iddialarından müdafiəsini təmin etmək, müxtəlif vasitələrlə, o cümlədən üzvlərinin peşəkarlıq səviyyəsini yüksəltməklə, qiymətləndirmə xidmətlərinin istehlakçılarının maraqlarının qorunmasını təmin etmək, Türk dünyası qiymətləndirmə standartlarını və vahid məlumat bazasını hazırlamaq, fəaliyyət və təcrübə mübadiləsi, qarşılıqlı olaraq sertifikatların tanınması, bir sözlə, qarşılıqlı və faydalı əməkdaşlığın bütün komponentləri üzrə strateji və taktiki işbirlikləri nəzərdə tutulub. Mütəmadi olaraq onlayn toplantıların keçirilməsi, oktyabr ayında isə Ankara şəhərində növbəti yığıncağın təşkili qərara alınıb.
- Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilməyinizdən bir il ötür. Ötən dövr AQC-nin fəaliyyətində hansı yeniliklər müşahidə olundu və gələcək planlarınız nədən ibarətdir?
- Ötən dövr ərzində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıraları genişlənib. Hazırda cəmiyyətə kollektiv üzv olan qiymətləndirmə şirkətlərinin sayı 60-dır. Dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar, kütləvi informasiya vasitələri ilə faydalı və qarşılıqlı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığı özündə ehtiva edən Anlaşma memorandumları imzalanıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasıyası Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Mediasiya Şurası və digər qurumlarla faydalı münasibətlər qurulub.
Eyni zamanda, ötən dövr ərzində daşınmaz əmlak növlərinin qiymətləndirilməsi üzrə ardıcıl kurslar təşkil edilib. Bu kurslarda onlarla qiymətləndirici iştirak edib və iştirakçılardan bəziləri müvəffəqiyyət qazanaraq müvafiq sertifikatlar əldə edib. Bəzi sertifikatlar isə yenilənib. AQC tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarına müvafiq ixtisasartırma kursu təşkil edilib. AQC ilə Qazaxıstanın Qiymətləndiricilər Palatası, Özbəkistan Qiymətləndiricilər Cəmiyyəti, Qırğızıstan Qiymətləndiricilər İttifaqı arasında Anlaşma memorandumları imzalanıb. Türkiyə Dəyərləmə Uzmanları Birliyi və Hindistan Qiymətləndirmə Birliyi ilə imzalanan müqavilə ilə birlikdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) beş ölkə ilə münasibətlərini rəsmiləşdirmiş olub. Mətbuat orqanları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyətimiz bu gün də davam edir. Ötən dövr ərzində AQC-nin fəaliyyətindən bəhs edən onminlərlə məqalə tirajlanıb. Türkiyə, Qazaxıstan və digər dövlətlərin KİV-lərində AQC-nin fəaliyyətindən bəhs olunub.
- AQC-nin gələcək fəaliyyət istiqamətləri ilə bağlı planlarınız nədən ibarətdir? Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı üçün hansı addımlar atılmalıdır?
- Qeyd edim ki, Türkiyə qiymətləndirmə sahəsində dərin təcrübəyə malikdir və qardaş ölkədə tətbiq edilən qiymətləndirmə standartlarını və ənənələrini Azərbaycana gətirmək Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Türkiyə Dəyərləmə Uzmanları Birliyi arasında imzalanan Anlaşma Memorandumunda da bu öz əksini tapıb. Azərbaycan qiymətləndiricilərindən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri baş tutacaq. Bu səfərdə məqsəd Türkiyənin qiymətləndirmə təcrübəsini əxz etmək, faydalı təcrübə mübadiləsinə nail olmaqdır. Bu istiqamətdə maliyyə təsisatları, dövlət qurumları ilə müzakirələr aparmaq, əldə olunan yeniliklərin ölkəmizdə tətbiqi istiqamətində təkliflərlə çıxış etmək niyyətindəyik. Yəqin ki, qarşıdakı dövrdə bu aspektdə müzakirələrə başlayacağıq.
Azərbaycanda qiymətləndirmə sektorunun problemlərinə gəldikdə isə, digər sahələrdə olduğu kimi, bu sahədə də neqativ hallar mövcuddur. Qiymətləndirmə fəaliyyəti lisenziya, yəni dövlət orqanlarının razılığı ilə tənzimlənmədiyinə görə qiymətləndirmə standartlarından kənar fəaliyyət göstərən “şirkətlər və qiymətləndiricilər” bazarda meydan sulayırlar. Onlar müxtəlif şirnikləndirici vədlər qarşılığında “qaranlıq fəaliyyət”ə maraqlı olan subyektlərlə əməkdaşlıq edirlər. Çox təəssüf ki, onların tərtib etdiyi qiymətləndirmə layihələri mövcud reallığı əks etdirmir və müəyyən dairələrin maraqlarına xitab edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkə qiymətləndiricilərinin kollektiv platforması olsa da, inzibati təsir alətlərinə malik deyil. Düzdür, biz dövlət qurumları ilə fəal əməkdaşlıq edirik və bu istiqamətdə də öz mövqeyimizi onların diqqətinə çatdırırıq. Lakin bizim təkliflərimiz tövsiyə xarakterlidir. Bu baxımdan qiymətləndiricilərin özünütənzimləmə mexanizminin formalaşdırılmasına, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəal iştirakı ilə qiymətləndirmə sahəsində mövcud olan neqativ halların aradan qaldırılması üçün inzibati təsir alətləri əldə etməsinə ciddi ehtiyac var. (Azərtac)