2018-ci ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 136 mln. manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 45,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
FED.az xəbər verir ki, iyul ayında agent banklar tərəfindən 18,6 mln. manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, cari ilin yanvar-iyul aylarında İKZF 135,6 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (2017-ci ilin 7 ayı ilə müqayisədə artım 3,5 dəfə - İF).
Bu dövrdə fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 50 mln. manat alıb.
İKZF 2018-ci ilin yanvar-iyul aylarında istiqrazların yerləşdirilməsindən 115 mln. manat cəlb edib.
2017-ci ildə fondun agent bankları tərəfindən 202,9 mln. manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.