Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərən “Büdcədənkənar Fond”un ləğv olunacağı ilə bağlı söhbətlər yayılır. FED.az xəbər verir ki, hazırda fondun bir qrup işçisi ilə müqaviləyə Nazirlik xitam verib. Ümumilikdə, fondun ləğv olunmasına gəlincə, bu hələki real deyil.
Qeyd edək ki, hazırda bu fondda 200-300 adamın çalışdığı bildirilir. Fondun maliyyə resurslarının əsasını isə nazirliyin əməkdaşlarının aşkar etdikləri vergi pozuntuları təşkil edir. Yəni, təyin edilmiş sanksiya büdcəyə ödənilir və sonradan həmin vəsaitin bir hissəsi fonda geri qaytarılır. Fonda toplanan vəsait hesabına isə nazirliyin işçilərinə mükafat ayrılır. Əks halda səriştəli kadrlar nazirlikdə mövcud olan əmək haqqına işləmək istəməyəcəklər. Vergi müfəttişlərindən biri elə belə də dedi: "Fond ləğv edilsə, 400-600 manata burada kim işləyər? Yadınızdadırsa, ötən ilin əvvəlində 2 ay mükafatsızlıq hökm sürdüyündə vergi müfəttişlərinin əksəriyyəti işdən çıxmağa hazırlaşırdı".
Eləcə də bax: Vergi işçilərinin maaşları təsdiqləndi - SİYAHI, MƏBLƏĞLƏR
“Büdcədənkənar Fond”un işçilərinə gəlincə, xatırladaq ki, onlar rütbə daşımırlar və vergi yoxlamalarında da iştirak etmirlər. Bu işçilər yalnız fonda aid olan işləri icra edirlər və xidməti müqavilə əsasında çalışırlar.
"Fond ləğv edilsə, 400-600 manata burda kim işləyər?"
12:54
20 Aprel 2018