Azərbaycan manatının məzənnəsinə bahalaşma təzyiqləri var.
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini - SABİT SAXLADI
FED.az xəbər verir ki, bunu “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin Avropa ölkələri üzrə risk rəhbəri Anvita Basu deyib. O bildirib ki, agentlik sərbəst üzən valyuta olmadığı üçün Azərbaycan manatı ilə bağlı aktiv şəkildə proqnozlaşdırma aparmır. Bununla belə, manatın rəsmi məzənnəsi son 5 il ərzində ABŞ dollarına nisbətdə 1,70 səviyyəsində sabit qalıb
"Biz hesab edirik ki, ölkə manatın hazırki məzənnəsini qorumaq iqtidarındadır. Hər halda, hazırda manata bahalaşma təzyiqləri var, çünki Azərbaycanın ticarət hesabında böyük profisit yaranıb. Ölkə kifayət qədər sağlam valyuta ehtiyatlarına malikdir"- deyə Anvita Basu əlavə edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı qərarında manatın nominal effektiv məzənnəsinin 2022-ci ildə 8.4%, 2023-cü ilin 5 ayında isə 5.1% möhkəmləndiyini açıqlayıb. AMB hətta, iyunun 21-də uçot dərəcəsini sabit saxlamasına təsir edən amillərdən biri kimi manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsini əsas götürdüyünü vurğulayıb. (Apa)