Fitch Ratings: «Azərbaycanda kortəbii devalvasiya riski azalıb»
Xəbər verildiyi kimi, Fitch Ratings reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli defolt reytinqini (IDR) "BB+" səviyyəsində təsdiqləyib.
FED.az xəbər verir ki, reytinqlə bağlı açıqlamasında agentlik Azərbaycanda devalvasiya ehtimalına da toxunub. Fitch Ratings ölkədə baş verən iqtisadi proseslər nəticəsində kortəbii devalvasiya riskinin azaldığını qeyd edib.
Agentlik hesab edir ki, hazırda Azərbaycan iqtisadiyyatını buferi rolunu oynayan böyük xarici ehtiytaları var – bu ehtiyatlar pandemiya dövründə qorunub saxlanılıb və hazırda da neftin yüksək qiyməti ilə dəstəklənir.
Nəticədə ölkənin ümumi valyuta ehtiyatları 2020-ci ilin sonundakı 49,9 milyard dollardan 2021-ci ilin 3-cü rübünün sonuna 51,2 milyard dollara yüksəlib. Bu məbləğ ölkənin 26 aylıq xarici ödəniş balansı qədərdir. 51,2 milyard dollar məbləğin 86%-i Dövlət Neft Fondunun payına düşür.
Bu il ərzində ölkədə xarici valyutaya (dollara) tələbat sabit olub, Dövlət Neft Fondunun dollar satışları isə büdcəyə ödənişlərdən daha az olub.
Fitch proqnoz edir ki, 2021-ci ildə tədiyyə balansında cari hesabda ÜDM-nin 7,9%-i həcmində profisit olacaq, xatırladaq ki, ötən il bu göstərici mənfi 0,5% idi. 2022-2023-cü illərdə isə bu məbləğ 5,3% ətrafında sabitləşəcək. Agentlik 2022-ci ildə neftin qiymətinin 55 dollar, 2023-cü ildə isə 53 dollar olacağını gözləyir və proqnoz da ona əsaslanır.
Agentliyin fikrincə, xarici maliyyə ilə bağlı proqnozun daha da yaxşılaşması Azərbaycanda 1,7 manat/dollar olan manatın məzənnəsinin kortəbii devalvasiya riskini bir qədər də azaldıb. «Bununla yanaşı, bizim fikrimizcə, hazırda siyasətdə mövcud olan qeyri-müəyyənlik, Mərkəzi Bank və Dövlət Neft Fondunun institutsional müstəqilliyi və mandatları ilə bağlı olan qeyri-müəyyənlik, siyasi səhvlər və ciddi şoka qarşı düzgün adaptasiya olmama riskin artırır»-deyə Agentliyin açıqlamasında bildirilir.