Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik edilir.
FED.az, bununla bağlı “Valyuta tənzimi haqqında” qanuna 14-1.2 adlı yeni bənd əlavə edilir.
Yeni bəndə görə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərə əməl etməlidirlər.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak - Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlərdir;
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması - cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, yaxud cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsidir;
Pul vəsaitləri və ya digər əmlakla əməliyyat - pul vəsaitləri və ya digər əmlakla bağlı mülki hüquqların əldə edilməsi, həyata keçirilməsi, dəyişdirilməsi və ya onlara xitam verilməsinə yönəlmiş əməllərdir;
Terrorçuluğun maliyyələşdirilməsi - əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsidir;
Qanun layihəsinə dəyişiklik Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.