Xaricdən ölkəyə gətirilən diri ətlik heyvanların gömrük rüsumun artırıldığı iddia olunur.
Ətlik heyvanların idxalı ilə məşğul olan bir qrup sahibkar bildirib ki, bundan öncə bir “tır” yük üçün gömrük postunda 7500 manat ödəyirdilərsə, son günlərdə bu rüsum artırılaraq 12000 manat olub. Sahibkarlar qeyd ediblər ki, bu səbəbdən yaxın günlərdə ölkədə ətin pərakəndə satışında qiyməti qalxacaq.
Dövlət Gömrük Komitəsindən cavab olaraq bildirilib ki, diri ətlik heyvanların idxalına görə alınan idxal rüsumlarının məbləğinin artırılması haqda deyilənlər əsassızdır: “Belə ki, son dövrlərdə ölkə ərazisinə diri ətlik heyvanlar əsasən Rusiya Federasiyası, Ukrayna və Gürcüstan Respublikalarından idxal olunub. Qeyd olunan ölkələrlə Azərbaycan Respublikası arasında ikitərəfli qaydada bağlanmış azad ticarət haqqında sazişlərə əsasən idxal zamanı malların mənşəyini təsdiq edən müvafiq sənəd (CT-1 formalı mənşə sertifikatı) təqdim olunduqda həmin mallar idxal gömrük rüsumuna cəlb olunmurlar. Bu səbəbdən həmin ölkələrdən idxal olunan mallara yalnız “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun bəyan olunmuş gömrük dəyərinin 18 faizi həcmində əlavə dəyər vergisi tətbiq olunur.
Digər ölkələrdən (azad ticarət haqqında saziş olmadığı təqdirdə) Azərbaycan Respublikasının ərazisinə gətirilən diri ətlik heyvanlar mövcud qanunvericiliyinə əsasən həm gömrük rüsumuna, həm də əlavə dəyər vergisinə cəlb olunurlar.
Onu da bildirək ki, mövcud qanunvericilikdə nəzərdə tutulan rüsumlar yük avtomobilinin sayına görə deyil, müxtəlif meyarlar (təqdim olunmuş sənədlərə uyğun diri ətlik heyvanın çəkisi və ya sayı) nəzərə alınmaqla hesablanır”.