Ərəb Koordinasiya Qrupu (ƏKQ) ilkin mərhələdə Qazaxıstan iqtisadiyyatına yeddi milyard dollar həcmində uzunmüddətli birbaşa investisiyalar etməyi planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin saytında yerləşdirilən məlumatda deyilir.
Bildirilib ki, Astanada İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf Fondu, OPEC Beynəlxalq İnkişaf Fondu, Küveyt İqtisadi İnkişaf Fondu və Əbu-Dabi İnkişaf Fondu kimi qurumları birləşdirən Ərəb Koordinasiya Qrupunun dəyirmi masa iclası keçirilib.
“Bu gün biz Qazaxıstan Respublikasında Ərəb Koordinasiya Qrupunun ilk dəyirmi masa iclasını keçirməklə güclü və uzunmüddətli əməkdaşlığa doğru ilk birgə addımı atırıq. Sizin dəstəyiniz və əməkdaşlıq etmək istəyiniz bizim üçün ölkəmizin potensialının tanınması üçün mühüm göstəricidir”, – Qazaxıstan Respublikasının Baş nazirinin müavini - milli iqtisadiyyat naziri Nurlan Baybazarov iclasda qeyd edib.
Məlumata görə, görüşün yekununda tərəflər “dəyirmi masa” iclasının Protokolu, Qazaxıstan Respublikası Hökuməti ilə OPEC Fondu arasında özəl sektorda əməliyyatlara dair Çərçivə Sazişi, Su Təsərrüfatı və Suvarma Nazirliyi ilə İslam İnkişaf Bankı arasında Danışıqlar Protokolu imzalayıblar.
İmzalanan sənədlər gələcək əməkdaşlığın istiqamətlərini və potensial layihələrin siyahısını müəyyən edir. (Report)