Türkiyədə qurulmuş bir texnologiya şirkəti olan Enqura Azərbaycan bazarında özünü tanıtmaq üçün “Maliyyə Sektorunda Rəqəmsal Transformasiya” adı altında xüsusi tanıtım tədbiri təşkil etdu.
FED.az xəbər verir ki, bu tədbir Azərbaycanın bankçılıq və fintech ekosisteminin aparıcı oyunçularını bir araya gətirərək Enquranın həllərini təqdim etmək məqsədi daşıyırdı.
Tədbirin açılış nitqi ilə çıxış edən Enquranın Azərbaycan üzrə Ölkə müdiri Əli Qədirbəyli şirkətin Azərbaycan bazarına olan marağını vurğuladı və yerli maliyyə sektoruna innovativ həllər təklif etməyə hazır olduğunu bildirdi.
Daha sonra şirkətin Azərbaycanda ilk müştərisi olan GoldenPayin İdarə Heyətinin Sədri Eynar Abdullayev Enquranın həllərindən istifadə edən bir partnyor kimi təcrübələrini iştirakçılarla bölüşdü və şirkətin təklif etdiyi üstünlükləri vurğuladı.
Tədbirin növbəti hissəsində Fintech İnnovation Hub şirkətinin təsisçisi Kutay Yalınkılınç “Azərbaycanda yeni qaydalar və rəqəmsal transformasiya” mövzusunda çıxış edərək Türkiyə ilə Azərbaycan arasında sinerji və əməkdaşlıq imkanlarından danışıb.
Tədbirin mühüm hissəsində Enquranın baş direktoru Hasan Emre Özgür şirkətin fintech sahəsində təklif etdiyi həllər və bu həllərin Azərbaycan maliyyə sektoruna potensial təsiri haqqında danışıb. Şirkətin həllərinin Azərbaycan qanunvericiliyinə uyğun olduğunu vurğulayan Özgür daha sonra canlı demo təqdimatı edərək Enquranın flaqman həlli “EnQualify”-ı ətraflı şəkildə qonaqlara nümayiş etdirdi.
EnQualify sistemi ən müasir texnoloji imkanlardan istifadə edilməklə işlənib hazırlanmışdır və müştərinin tanınması və uzaqdan müştəri cəlbetməsi funksiyalarını ehtiva edən hərtərəfli həlldir. Türkiyə, İngiltərə, Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələrdən referansları olan bu məhsul 40-dan çox şirkət tərəfindən istifadə edilməkdədir.
Tədbirin ikinci hissəsində Türkiyədən olan panelistlər - Kutay Yalınkılınç, Hasan Emre Özgür və FastPay şirkətinin qurucusu Serkan Turan iki qardaş ölkə arasında təcrübələrin paylaşıla biləcəyi fikrini vurğuladılar. Özlərinin Türkiyə maliyyə ekosistemindəki təcrübələrindən də bəhs edən mütəxəssislər tədbir iştirakçıların suallarını da cavablandırdılar. Paneldə Türkiyədə fintech sektorundakı təcrübələrin Azərbaycan bazarına necə uyğunlaşdırıla biləcəyi müzakirə olundu.
Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmiləri, yerli bankların və fintech şirkətlərinin səlahiyyətli şəxsləri iştirak ediblər. Qonaqlar Enquranın Azərbaycan maliyyə sektoru ilə əməkdaşlığına və məhsullarının yerli qanunvericiliyə uyğunluğuna maraq nümayiş etdiriblər.
Bu tədbir Enquranın Azərbaycan bazarında iştirakını gücləndirmək və Azərbaycan bankçılıq və fintech sektorunun mühüm oyunçularını bir araya gətirməklə yerli maliyyə sektoruna töhfə vermək üçün mühüm addım idi.