“Energetik içkilərin və elektron siqaretlərin vergiyə cəlb olunması məsələsi gündəmdədir”.
Bunu vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputatların energetik işçilərin, tütün məmulatlarının və alkoqollu içkilərin aksiz vergisinə cəlb edilməsi ilə bağlı suallarını cavablandırarkən deyib.
O, eyni zamanda vurğulayıb ki, alkoqollu içkilərə minimum qiymətin tətbiq olunması məsələsi də müzakirə olunmaqdadır: “Əksər enerji içkiləri 1 manatdan satılır. Onun içərisində elə aksiz vergisi 1 manatdan çoxdur. Ona görə də bu məsələlər rəhbərlik tərəfindən daim diqqətdə saxlanılır”.
"ENERGETİK İÇKİLƏRİN ƏN UCUZ SATILDIĞI ÖLKƏLƏRDƏN BİRİYİK"
Deputat Musa Quliyev isə bildirib ki, gənclərin sağlamlığını ciddi şəkildə pozan energetik içkilərə aksiz dərəcələrinin tətbiqi çox vacibdir:
“Energetik içkilərin ən ucuz satıldığı ölkələrdən biriyik. Onların da heç biri Azərbaycanda istehsal olunmur, bizə xaricdən bəlkə də məqsədli şəkildə idxal edilir. Təkcə biznes məqsədilə deyil, gələcəyi korlamaq məqsədilə gətirilir. Energetik içkilərdə kofeinin miqdarı normadan 4 dəfə çoxdur”.