Daşınmaz əmlaklarını dövlət qeydiyyata almaq istəyən şəxslərin ödəyəcəyi dövlət rüsumu və xidmət haqqı ilə bağlı əvvəlcədən məlumat almaq imkanı var. FED.az xəbər verir ki, bu sahədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “Əmlakın qeydiyyatı kalkulyatoru” elektron xidməti vətəndaşların istifadəsindədir.
Artıq 20 mindən çox ölkə vətəndaşı, fiziki və hüquqi şəxs tərəfindən informativ elektron xidmətə müraciət olunmuşdur.
Elektron xidmətin tətbiqi əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək şəxslərə əlavə vaxt qazandırır, prosesdə şəffaflığı və səmərəliliyi artırır. “Əmlakın qeydiyyatı kalkulyatoru”-nun sadə istifadə imkanları əsasında vətəndaş daşınmaz əmlak haqqında tələb olunan xüsusiyyətləri daxil edərək xidmət haqqı və rüsumla bağlı yekun rəqəmi əldə edə bilər.
Eləcə də bax: Türkiyədə evi necə almaq olar? - ŞƏRTLƏR
Xidmət vasitəsilə çıxarışın alınması, texniki pasportun əldə edilməsi, əmlakın qabaqcadan qeydiyyatı, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumu və xidmət haqqını çevik və sürətli şəkildə əvvəlcədən hesablamaq mümkündür.
Elektron xidmətdən istifadə etmək istəyən vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 13-cü elektron xidmət olan “Əmlak kalkulyatoru” bölməsinə daxil ola bilər. Daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən birini seçən istifadəçi xidmətin mahiyyətini, əmlakın yerləşdiyi şəhər və rayonu, öz istəyi ilə xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərdiyi xidmətlər barədə məlumatlandırmanın aparılması, prosedurların sadələşdirilməsi, operativ xidmətlərin göstərilməsi vətəndaşların bu prosesə marağını artırır.