Müəssisələrdə çalışan işçilərə natural şəkildə əməkhaqqı verilə bilərmi?
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Əmək Məcəlləsinin müddəalarına əsasən, əməkhaqqı dedikdə müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu başa düşülür.
İşçinin razılığı ilə əməkhaqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.