Əmanətlərin Sığortalanması Fondu (Fond) 2024-cü ilin yekunları üzrə “KPMG Audit Azərbaycan” MMC tərəfindən audit olunaraq təsdiq edilmiş maliyyə hesabatlarını açıqlayıb.
FED.AZ xəbər verir ki, açıqlanan maliyyə hesabatlarına əsasən Fondun gəlirləri 194.642.092 manat, xərcləri isə 8.463.198 manat təşkil etmiş və Fond ili 186.178.894 manat xalis mənfəətlə başa vurmuşdur. Qeyd edirik ki, 2023-cü il üzrə Fondun gəlirləri 179.334.085 manat, xərcləri 249.703.950 manat, xalis zərəri isə 70.369.865 manat təşkil edib ki, burada 2023-cü il ərzində müflis elan edilmiş 2 bank üzrə yaranmış 240.135.963 manat kompensassiya xərci əsas təsiredici amil olmuşdur.
2024-cü il ərzində Fondun gəlirlərinin 42%-i (81.846.164 manat) təqvim haqqı gəlirləri hesabına, 56%-i (105.948.612 manat) isə reqres yığımlar hesabına formalaşmışdır. Qeyd edirik ki, müvafiq göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 7% (5.405.776 manat) və 12% (11.390.785 manat) artmışdır. Fondun ümumi gəlirləri 9% artsa da, onun kompensasiya xərcləri istisna olmaqla digər əməliyyat və inzibati xərcləri 9.567.987 manatdan 8.309.938 manatadək, yəni 13% azalmışdır. Bu da öz növbəsində Fondun aktivləri üzrə hesablanmış mümkün kredit itkilərinin kəskin azalmasından qaynaqlanmışdır.
Fondun Maliyyə vəziyyəti haqqında hesabata nəzər yetirdikdə onun aktivlərinin 599.655.906 manat, öhdəliklərinin isə 210.453.541 manat təşkil etdiyi görünür. Halbuki keçən il müvafiq göstəricilər 651.397.773 manat və 448.374.302 manat təşkil etmişdir. Təhlil zamanı aktivlərin həcminin 8% (51.741.867 manat), öhdəliklərin həcminin isə 53% (237.920.761 manat) azalmasını görə bilərik. Nağd vəsaitlərdə azalma 72% (47.828.147 manat) olsa da, Fondun investisiya portfelinin həcmi 50% (28.865.790 manat) artmışdır. Fondun kompensasiya öhdəliklərinin 86% azalaraq 200.302.385 manatdan 27.568.085 manata, uzunmüddətli öhdəliklərinin isə 27% azalaraq 247.500.000 manatdan 180.000.000 manata düşdüyü müşahidə olunur.
Təhlillər göstərir ki, Fond 2024-cü il ərzində konservativ maliyyə nəzarəti həyata keçirmiş, gəlirlərin artımı tendensiyası şəraitində xərclərini azaltmağa nail olmuşdur. Habelə, əldə edilən vəsait öhdəliklərin azaldılması və investisiya portfelinin artımına sərf edilməklə borcun kapitala nisbəti göstəricisi 4 dəfə yaxşılaşdırılmış, Fondun gəlir istiqamətlərinin şaxələndirilməsi davam etdirilmişdir.














