Azərbaycan Mərkəzi Bankı yaxın zamanda əmanət (yığım)-əmanət bankının yaradılması məsələsini Respublikanın İqtisadi Şurasının müzakirəsinə çıxaracaq.
Eləcə də bax: Mərkəzi Bank faiz qərarı ilə bağlı - MƏLUMAT YAYDI
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Elman Rüstəmov, “Biz hesab edirik ki, iqtisadi artımın dəstəklənməsində ipoteka məhsulları çox mühüm rol oynaya bilər”,- deyərək sözlərinə belə davam edib:
“Bir çox ölkədə, o cümlədən qonşu Rusiyada iqtisadi aktivlikdə ipoteka olduqca mühüm rol oynayır. Tikinti sektorunda qoyulan 1 manat investisiya təxminən 4,5-5 manata qədər əlavə effekt yaradır. Əmanət-tikinti bankları modeli ilə biz çoxdan məşğuluq. Vaxtilə Cənubi Qafqazda ilk dəfə olaraq biz ipoteka sistemini yaratdıq və o vaxtlar əmanət-tikinti bankının da yaradılması planlarımızda var idi. Lakin bu məsələ təkcə bizdən asılı deyil. Bu məsələyə dair hökumətdə ümumi razılıq olmalıdır. Biz bu məsələni yaxın vaxtlarda İqtisadi Şuranın müzakirəsinə çıxaracağıq. Hazırda bu məsələ əsaslandırma mərhələsindədir”.
Mərkəzi Bankın sədri əlavə etdi ki, təklif edilən modeldə yığımla məşğul olan əhaliyə dövlət tərəfindən çox ciddi dəstək verilməsi nəzərdə tutulur:
“Yığımala məşğul olan əhaliyə modeldə dövlət tərəfindən çox ciddi dəstək verilir, onların yığdığı vəsaitə qarşı müyyən dərəcədə dövlət tərəfindən də vəsait verilir. Burada dövlətin marağı ondan ibarətdir ki, bu mexanizm iqtisadi artıma və məşğulluğa dəstəkdir. İqtisadi artım əlavə vergi, büdcəyə daxilolmalar deməkdir. Biz bu məsələni İqtisadi Şuraya çıxaracağıq. İqtisadi Şuranın dəstəyi olacağı təqdirdə, artıq onun qanunvericilik bazası mürəkkəb deyil, bizim çoxdan işlədiyimiz model var, o modeli də təqdim edəcəyik”. (Marja)