Faiz dəhlizinin parametrləri və uçot dərəcəsi ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bir neçə gün əvvəl prezident İlham Əliyevin 2015-ci ildə devalvasiya ilə bağlı açıqlamaları barədə suala cavab verib.
Prezident 2015-də devalvasiyaya gedilməsinin səbəbini açıqlayıb – “10 milyard dollar itirdik”
Xatırladaq ki, dövlət başçısı 2015-ci ildə manatın məzənnəsinin qorunması üçün Mərkəzi Bankın ehtiyatlarıdan 10 milyvard dollar xərclənsə də bunun mümkün olmadığını bildirmişdi.
Elman Rüstəmov: "Hökumətin heç bir devalvasiya planı yoxdur”
Nəticədə manatın devalvasiyası ilə yanaşı Mərkəzi Bankın ehtiyatlarından da 10 milyard dollar itirilmişdi.
Elman Rüstəmov bununla bağlı sualı aşağıdakı kimi cavablandırıb:
«Cənab prezidentin qeyd etdiyi obyektiv tarixi bir faktdır. Biz, çox da uzaq olmayan tariximizdə onun qeyd etdiyi kimi, bu ağır məqamları yaşadıq, yaşamaqda da davam edirik. Mən qərarın qəbul olunduğu, cənab prezidentin toxunduğu tarixi məqama da toxunmaq istəyirəm».
Baş bankir bildirib ki, oxşar vəziyyət 2008-ci ilin böhranı dövründə də yaranmışdı. Sadəcə həmin vaxt neftin qiyməti tez bərpa olunub: «Bilirsiniz ki, 2008-ci ildə qlobal maliyyə böhranı başlamışdı və Azərbaycan bu qlobal maliyyə böhranını uğurla adlayan ölkələrdən biri oldu, ölkədə makroiqtisadi sabitlik pozulmadı, bu böhranın çox ağır təzyiqlərinə və nəticələrinə baxmayaraq. Bunun əsas səbəblərindən biri də o oldu ki, bu dövrdə neftin qiyməti kəskin düşsə də, çox tez bir zamanda bərpa olundu və bütövlükdə ölkənin valyuta ehtiyatları, bütövlükdə valyuta bazarı məzənnə haqqında qeyri-müəyyənlikləri tez bir zamanda aradan qaldırmağa imkan verdi».
2014-cü ildə isə neftin qiyməti daha kəskin düşüb və hökumətin gözləntilərinə baxmayaraq bərpa olunmayıb:
«2014-cü ildən isə başlayaraq, iyun ayından başlayaraq, - mənim yaxşı yadımdadır, - bütövlükdə bu böhran dünya tələbinin azalması bir sıra amillərin təsiri altında bütövlükdə neftin qiymətinin uzun müddətli və kəskin azalması ilə müşayiət olundu. 2014-cü ildə iyun ayında neftin qiyməti 115 dollar, həmin ayın sonunda 57 dollar, 2015-ci ilin sonunda 37 dollar, 2016-cı ilin sonunda isə 28 dollara enməklə 4 dəfə azaldı».
Neftin sürətli ucuzlaşması elə bir dövrə təsadüf edib ki, həmni vaxt ölkələ geniş layihələr reallaşdırılırdı və büdcə xərclərində neftin payı – Neft Fondundan transferlər ən yüksək həddə idi. Yəni büdcənin neftdən asılılığı başqa illərdəkindən daha böyük idi:
«Neft ixrac məhsuludur və qiymətlərin belə kəskin azaldığı şəraitdə ölkənin tədiyyə balansında, onun ticarət balansında olduqca ciddi problemlər yaranmağa başladı. 2013-cü ildə ölkədə cari hesabın profitsi 13,1 milyard idi, amma 2015-ci ildə artıq biz 1,4 milyard dollarlıq məbləğində kəsirlə üzləşdik. Yəni 13 milyard profistdən 1,4 milyard kəsirə endik. Nəticədə tədiyyə balansımızın cari hesabında təxminən 14,5 milyard dollar itki oldu.
Bu dövr həm də ö dövrə təsadüf edir ki, bizim ölkədə çox böyük quruculuq işləri, böyük miqyaslı layihələr həyata keçirilirdi və (Neft Fondundan) büdcəyə transferlərin həcmi olduqca yüksək idi. 2013-də büdcəyə neft fondundan transferlər 14,5 milyard dollar, 2014-cü ildə 14,9 milyard dollar həcmində idi».
Elman Rüstəmov bildirir ki, neftin qiymətinin kəskin dəyişdiyi bir şəraitdə gələcəklə bağlı proqnoz vermək çətinləşmişdi:
«Belə olan bir şəraitdə təbii ki, qeyri-müəyyənliklər var idi - neftin qiyməti 2014, 2015 və 2016-cı illərdə davamlı olaraq aşağı düşürdü. Təbii ki, proqnozlaşdırmağı çox çətin olan bir situasiyayla üzləşdik. Belə olan bir şəraitdə ölkə qısa bir müddətdə, cənab prezidentin qeyd etdiyi kimi, öz strateji valyuta ehtiyatlarını itirmək təhlükəsi ilə üzləşdi».
Yaranan vəziyyətdə məlum olub ki, devalvasiya edilməsə, yəni dolların 0,78 manat qiymətində bütün valyuta ehtiyatları itirilə bilər. Manatın devalvasiyasını «məlum ağır qərar» adlandıran baş bankirin sözlərinə görə, həmin vaxt hökumətin başqa seçimi olmayıb:
«Məlum qərarı (manatın devalvasiyasını) şərtləndirən əsas amil məhz bu idi ki, məlum oldu ki, stabil məzənnə şəraitində 0,77-0,78 dollar səviyyəsində və bu həcmdə valyuta transferləri səviyyəsində ölkənin valyuta ehtiyatları, onun beynəlxalq ödəmə qabiliyyəti və artıq qeyd olunduğu kimi, iqtisadi və siyasi müstəqilliyi üzərində olduqca ciddi təhdidlər yaranır. Qəbul olunan məlum ağır qərar məhz əsas bu makroiqtisadi situasiya nəzərə alınmaqla qəbul olundu ki, ölkənin strateji valyuta ehtiyatları qorunub saxlansın və ölkənin yüksək beynəlxalq ödəmə qabiliyyəti təmin olunsun».
AMB-nin rəhbəri bildirir ki, sonra baş verən proseslər devalvasiya qərarının doğru olduğunu göstərib:
«Qəbul olunmuş qərardan sonra olan situasiya göstərir ki, bu, nə dərəcədə doğru və müdrük bir qərar idi. Çünki əgər rəqəmlərə yenə baxsaq, görərik ki, əgər biz manatın məzənnəsinin korreksiyasından (yəni devalvasiyadan) əvvəlki 4 il ərzində Neft Fondundan dövlət büdcəsinə ortalama olaraq ildə 12 milyard dollar köçürürdüksə, o qərardan sonra, bu xərclər ortalama təxminən 6 milyard dollara düşmüşdü. Yadınızdadırsa, 2021-ci ildə həmin transferlərin həcmi 6,7 milyard dollar təşkil etmişdir. Paralel olaraq aparılan həm büdcə yığcamlaşması, büdcə və dediyim qeyd olunan monitar manevr, yəni milli valyutanın məzənnəsinin korreksiyası, ölkə iqtisadiyyatının başqa bir platformada, başqa bir parametrlər üzrə yenidən balanslaşması həyata keçirildi».
Prezidentin haqqında danışdığı 10 milyard dollar itirilən vəsaitə gəlincə, Elman Rüstəmov bildirib ki, həmin pullar bir neçə ay ərzində deyil, daha uzun müddətdə və fərqli istiqamətlərdə sərf edilib:
«O vəsaitlər, qeyd olunan 10 milyard manat vəsait 1-2 ay ərzində yox, bütövlükdə həmin dövrdə iqtisadiyyatın yenidən balanslaşmasına, həm nəğd vəsaitlərin dollarlaşmasına, həm banklarda olan qeyri-nəğd valyutanın dollarlaşmasına sərf edilib. Digər tərəfdən tədiyyə balansının qeyd elədiyim defisitinin bağlanmasına yönəldilmişdir. Yəni bizdə belə bir təhlil var, belə bir hesabatımız var, Mərkəzi Bankın öz fəaliyyətində hər il üzrə deməli, bu hesabat olur, ölkə prezidentinə və müxtəlif qurumlara təqdim olunur».
Baş bankir bildirib ki, 2015-ci ildə manatın devalvasiyası ilə bağlı qərar iqtidarın dövründə atılan yeganə belə addım olub: «Bütövlükdə, əgər baxsaq, uzun bir müddətdir, cənab prezident orada belə bir ifadə işlədir ki, mənim prezidentlik dövrümdə bu atılan necə ağır addımdır, bu, tam doğrudur. Mən hətta deyərdim ki, bütövlükdə mövcud iqtidar dövründə atılan yeganə bir faktdır, yeganə bir nöqtədir. Mən 1995-ci ildən ulu öndər Heydər Əliyevin başçılığı altında həm ölkə iqtisadiyyatı, o transformasiya krizisinin aradan qaldırılmasında iştirak eləyən adam kimi deyə bilərəm ki, ölkədə 1992-ci ildə dövriyyəyə buraxılmış milli valyuta – manat ın əsas dəyər itirməsi prosesi onun dövriyyəyə buraxıldığı ilk illərdə baş verib.
Həm bütövlükdə Ermənistanın xarici təcavüzü, həm iqtisadi blokada, ən önəmli iqtisadi əlaqələrin itirilməsi, o cümlədən də idarəetmədə buraxılan səhvlər, daxili siyasi gərginlik, çəkişmə və sair nəticəsində o dövrdə dövriyyəyə buraxılan milli valyuta dəyərinin 90%-indən çoxu itirilmişdir. 1995-ci ildən başlayaraq 2021-ci il də daxil olmaqla və məlum nöqtə qeyd olunmaqla ölkədə makroiqtisadi sabitlik var, təmin olunub, o cümlədən də, milli valyutanın məzənnəsinin sabitliyi təmin olunubdur».
Elman Rüstəmov bildirib ki, ötən dövrdə Azəraycanın ticarət tərəfdaşı olan, eləcə də neft-qazla zəngin olan başqa ölkələrdə milli valyuta daha sürətlə dəyər itirib: «Əgər baxsaq, görsək ki, başqa ölkələrə, ticarət tərəfdaşlarımıza, - belə müqayisələrdə xüsusən dövlət adları çəkilmir etika xatirinə, bunu da yəqin ki, siz özünüz tapacaqsınız, - qonşu dövlət bütövlükdə mineral resurslarla zəngin olan çox dövlətlə biz paralel gətirsək, biz faktiki olaraq paralel denominasiya eləmişdik eyni dövrdə, yəni bu ölkədə bu günləri məzənnə deməli təxminən 10-12 dəfə yüksəlibdir. Digər ticarət tərəfdaşlarımızda olan situasiya da sizə məlumdur».
Bununla yanaşı, baş bankir 2015-ci ildə devalvasiya ərəfəsi və devalvasiya dövründə səhmlərin də buraxıldığını etiraf edib, amma qeyd edib ki, hökumət bundan nəticələr çıxarıb: «Bütövlükdə, o dövrdə müəyyən səhvlərlə buraxılmışdırmı? Bəli, o dövrdə də müəyyən tərəddüdlər, müəyyən səhvlərlə buraxılmışdır, dediyim kimi situasiya olduqca mürəkkəb və qeyri-müəyyən idi, bu səbəblərdən lazımi nəticələr çıxarılıbdır? Bəli, lazımi nəticələr çıxarılıbdır. Bütövlükdə həm fiskal siyasətdə, həm valyuta siyasətində lazımi nəticələr çıxarılıbdır».
Elman Rüstəmovun sözlərinə görə, hökumət həmin səhmlərdən nəticələr çıxarıb və siyasətində, o cümlədən indiki siyasətində nəzərə alır. Hökumətin siyasətinin bir istiqaməti də həmin səhvlərin təkrar olunmamasına yönəlib: «Bu səhvlər də nəzərə almaqla atılan addımlar, islahatlar, büdcə qaydalarının tətbiqi, manitar sferada aparılan islahatlar, maliyyə sektorunda sabitliyin təmin olunması və s. buna imkan verir ki, biz təzədən bu anları və bu məqamları bir də yaşamayaq. Biz hesab edirik ki, burada öz məsuliyyətimizi olduqca ciddi dərk edirik və bütövlükdə, gündəlik fəaliyyətimizdə, siyasətimizdə məhz islahatlarla, islahatlar gündəlikdə məhz bu amilin aradan qaldırılmasına, bu anın (yəni devalvasiyanın) mən deyərdim ki, təkrar olunmamasına sərf olunacaq».