Bu gün Baş nazir Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Avropa üzrə Regional Direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.
FED.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Dünya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlar arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu vurğulanıb.
Dünya Bankının Azərbaycanla Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) əhəmiyyəti qeyd olunub, 2025-2029-cu illəri əhatə edəcək yeni ÖTÇ-nin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Ölkəmizin IFC ilə əməkdaşlığının hazırkı səviyyəsindən, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin nəticələrindən məmnunluq ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən dövlət-özəl tərəfdaşlığı, xarici investisiyaların cəlb olunması, COP29 çərçivəsində birgə fəaliyyət və digər aktual istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.