SİF tərəfindən icrasına başlanan zəmanət və subsidiya mexanizmi üzrə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarların 22 layihəsinə 32,3 milyon manat kredit yönəldilib.
FED.az xəbər verir ki bunu, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Eldar Həmidov Bakıda keçirilən "1-ci Milli Maliyyə Əlçatanlığı Forumu"nda bildirib.
O çıxışında qeyd edib ki, ötən ilin 2024-cü ilin fevral ayından etibarən Fond zəmanət subsidiya mexanizminin icrasına başlamışdır. Bu mexanizm çərçivəsində işğaldan azad olunmuş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və bu ərazilərdə investisiya qoyuluşlarının sürətləndirilməsinə dəstək məqsədilə həmin ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların, bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərə zəmanət və subsidiyalar təmin edirik.
İndiyədək həmin ərazilərdə fəaliyyət göstərən sahibkarların zəmanət və subsidiya mexanizmi üzrə müraciət edən layihələrin sayı 22 və həmin layihələr üzrə təsdiq etdiyimiz kommersiya kreditlərinin ümumi məbləği 32,3 milyon olmuşdur. Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edir. Sözügedən layihələr Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda həyata keçirilmiş və iqtisadiyyatımıza töhfə verirlər.
"Fond olaraq əsas məqsədimiz biznesi genişləndirmək istəyən sahibkarlara dəstək olmaqdır. Beləliklə, hər bir sahibkarın dövlətin güzəştli maliyyə mexanizminə zəmanət və subsidiya mexanizmindən faydalanaraq, bizneslərini böyütməyə və iqtisadiyyatımıza töhfə verməyə dəvət edirik", deyə Eldar Həmidov əlavə edib.