Artıq əvvəlki dövrlərdəki kimi müştərinin banka gedib əllə ərizə doldurması mərhələsi arxada qalıb, bu gün banklar özləri müştərini axtarır.
FED.az xəbər verir ki, bunu Azərbaycan Kredit Bürosunun rəhbəri Elçin Həbibov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hal-hazırda Azərbaycan Kredit Bürosu 268 şirkətlə tərəfdaşlıq edir və fəaliyyətini 4 əsas platforma üzərindən həyata keçirir. Həmin platformalar müxtəlif məqsədlər üçün hazırlanıb və həm banklar, həm də vətəndaşlar üçün daha çevik və şəffaf xidmətlər təqdim edir.
Elçin Həbibov qeyd edib ki, Finvision platforması vasitəsilə hazırda bazara 60-dan çox analitik hesabat təqdim olunur və bu hesabatlardan banklar fəal şəkildə istifadə edir. Finpush platforması isə kreditlərlə bağlı bütün bildirişləri birbaşa şəxsin kredit dosyesindən onun özünə ötürür və hal-hazırda bu platformanın kommersiyalaşdırılması üzərində işlər aparılır. Bu xidmət abunəlik əsasında təqdim ediləcək. Findoc platformasında isə artıq 135 min vətəndaş qeydiyyatdan keçib.
Baş direktor əlavə edib ki, 2018-ci ildən bu günə qədər 400 milyona yaxın kredit hesabatı təqdim olunub və bunun 185 milyonu yalnız 2024-cü ilə aiddir. Bu isə göstərir ki, kredit məlumatlarına olan tələbat ilbəil artır. 2018–2025-ci illər ərzində 41 milyon scoring əməliyyatı həyata keçirilib.
Azərbaycan Kredit Bürosu bu dövr ərzində 435 min fərdi kredit hesabatı təqdim edib və bu kifayət qədər yüksək göstəricidir. Həmçinin, 2018-ci ildən etibarən keçirilmiş müşahidə şurası iclaslarında verilmiş qərarların 98.4 faizi icra olunub.
Elçin Həbibov qeyd edib ki, hazırda Kredit Bürosunun bazasında 4.8 milyon borc alan şəxslə bağlı məlumat var və əlavə olaraq 1.7 milyon aktiv zamin və 135 min borc alan qeydiyyatdadır.
Əgər AKB 2018-ci ildə cəmi 2 xidmətlə fəaliyyətə başlamışdılarsa, 2024-cü ildə bu say 4 platforma üzərindən təqdim edilən 37 xidmətə çatıb. 2025-ci ildə isə daha 8 yeni xidmət istifadəyə veriləcək və ümumi xidmət sayı 45 olacaq.
Elçin Həbibovun sözlərinə görə, təkcə 2024-cü ildə 19 milyona yaxın onlayn sorğu qəbul edilib. Bu isə bir daha göstərir ki, rəqəmsal kredit məlumatlarına maraq sürətlə artır və Kredit Bürosunun fəaliyyəti bu sahədə bazar ehtiyaclarına cavab verir.