Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransı çərçivəsində çıxış edən Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibov, cəmiyyət arasında geniş müzakirələrə səbəb olan kiçik məbləğli borcların yaratdığı problemlərə münasibət bildirib.
Müştəri barədə məlumat təkcə bankdan deyil – «Azercell», «Azərişıq», «Azəriqaz»dan da alınır
FED.az xəbər verir ki, jurnalistlərin “Az məbləğli borclar banklar tərəfindən xəbərdarlıq edilmir və nəticədə vətəndaşlar uzun müddət bu barədə məlumat almır, bu isə onların kredit tarixçəsinə mənfi təsir edir” sualına cavab olaraq, Həbibov qeyd edib ki, bu, kifayət qədər aktual və həssas məsələdir.
O bildirib ki, Azərbaycan Kredit Bürosu bu problemi öncədən nəzərə alaraq Findoc adlı portalı istifadəyə verib. Bu platforma vasitəsilə hər bir vətəndaş öz kredit tarixçəsinə real vaxtda nəzarət edə bilir. “Findoc portalında qeydiyyatdan keçmiş istənilən şəxsə kredit tarixçəsinə neqativ məlumat daxil olan kimi dərhal bildiriş göndərilir. Məsələn, 1 qəpik də olsa gecikmə varsa və bu məlumat kredit bürosuna daxil olubsa, həmin şəxsə xəbərdarlıq edilir,” – deyə Həbibov bildirib.
Bu yanaşma həm şəffaflığın artırılması, həm də vətəndaşların maliyyə intizamının qorunması baxımından mühüm addım hesab olunur. Həbibovun sözlərinə görə, artıq 135 min nəfər bu sistemə qoşulub və bu şəxslər kredit tarixçəsində baş verən istənilən dəyişiklik barədə vaxtında məlumat almaq imkanına malikdirlər.
Elçin Həbibov vətəndaşları aktiv şəkildə Findoc portalında qeydiyyatdan keçməyə çağıraraq, kredit reputasiyasının qorunmasının bu gün hər bir fiziki şəxs üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb: “Bəzən bank hər hansı səbəbdən müştəriyə kiçik məbləğli borc barədə məlumat verməyə bilər. Amma Kredit Bürosu həmin məlumatı alan kimi vətəndaşa bildiriş göndərir. Bu isə artıq borcun böyüməsinin və tarixçənin pozulmasının qarşısını alır.”