Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda "yaşıl istiqrazlar"ın buraxılması imkanını nəzərdən keçirir.
FED.az xəbər verir ki, bu barədə EIB-dən məlumat verilib.
Bankda qeyd ediblər ki, EIB bütün dünyada "yaşıl maliyyələşdirmə” sahəsində, o cümlədən ekoloji cəhətdən dayanıqlı layihələri dəstəkləyən istiqrazların buraxılmasında böyük təcrübəyə malikdir.
"Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsinə can atmasını, həmçinin bərpa olunan enerji mənbələrinə və enerji səmərəliliyinə fəal şəkildə sərmayə yatırmasını nəzərə alaraq, “yaşıl istiqrazlar”ın buraxılması üçün EIB-dən maliyyə vəsaitinin cəlb edilməsi mümkündür. Lakin bunun üçün etibarlı normativ baza və ekoloji cəhətdən dayanıqlı layihələrin aydın xətti yaradılmalıdır", - məlumatda vurğulanıb.
Xatırladaq ki, Azərbaycanda artıq bir sıra təşkilatlar tərəfindən "yaşıl istiqrazlar" yerləşdirilib. Xüsusilə "Rabitəbank" ASC tədavül müddəti 2 il və illik faiz dərəcəsi 9,5 % olmaqla ümumi dəyəri 10 milyon manat olan istiqrazlar buraxıb.
"Unibank" ASC isə tədavül müddəti 36 ay, illik faiz dərəcəsi 11,5 % olan 20 milyon manatlıq istiqrazlar yerləşdirib.
Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də “SOCAR Green” layihələrinə dəstək məqsədilə "yaşıl istiqrazlar" buraxıb. Nominal dəyəri 1 000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 6 %, emissiyanın ümumi həcmi 200 milyon ABŞ dolları, tədavül müddəti isə 5 ildir. (Report)