2017-ci ildə Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
2017-ci ildə Azərbaycanın ümumi daxili məhsulu və qeyri-neft sektoru artıb. Qeyri-neft sənayesi 3,6%, kənd təsərrüfatı isə 4,1% artıb.
Prezident qeyd edib ki, ötən il bir çox önəmli layhə icra edilib: “Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. İdxalın sabit səviyyədə qalması böyük nəticədir. Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Regionların inkişafı daim diqqət mərkəzində saxlanılıb. Keçən il 30-dan çox rayona səfər edərək verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmuşam. Bölgələrdə yeni müəssisələr açılıb. Keçən il 177 min daimi olmaqla, 221 min yeni iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşıb. Bu isə dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir”.