Cari ilin aprel ayında mart ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, mobil telefonların, sementin, kərpicin, kəsilmiş taxtanın, nitro boyaların qiymətlərində bahalaşma, soyuducuların, paltaryuyan maşınların, fotoaparatların, televizorların, kondisionerlərin və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin aprel ayında mart ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, respublikadan kənara istirahət turlarının, paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə və hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb. Hava nəqliyyati ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Müqayisə üçün bildirirəm ki, istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-mart aylarında 2018-ci ilin müvafiq dövrünə nisbətən MDB ölkələrindən Qırğızıstanda 99,7 faiz, Moldovada 102,5 faiz, Qazaxıstanda 105,0 faiz, Rusiyada 105,2 faiz, Belarusda 105,9 faiz, Tacikistanda 106,6 faiz, Ukraynada 108,9 faiz təşkil etmişdir (Azərbaycanda 102,1 faiz).
Eləcə də bax: Azərbaycanda içkilərin və siqaretin qiyməti - BAHALAŞIB