Azərbaycan Mərkəzi Bankı valyutadəyişmə məntəqələrinin açılması üçün tələb və şərtlərin müəyyən edilməsi istiqamətində müvafiq işlər həyata keçirir.
Vətəndaşlar xaricdə yerli bank kartları ilə aylıq 10 min dollaradək - Nağdlaşdırma Edə Biləcəklər
FED.az xəbər verir ki, Mərkəzi Bankdan bildirilib ki, valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın verilməsi ilə bağlı tələblər "Valyuta tənzimi haqqında" AR Qanunu (Qanun) və Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən olunur.
Bildirilib ki, Azərbaycan Prezidentinin 01.08.2023-cü il tarixli fərmanı ilə Qanunda edilmiş dəyişikliklərlə əlaqədar olaraq Mərkəzi Banka 6 (altı) ay müddətində normativ xarakterli aktları təsdiq etməsi tövsiyə edilib.
Nizamnamə (şərikli) kapitalının minimum miqdarı, habelə, mübadilə fəaliyyətinə lisenziya almış şəxsin bu fəaliyyəti həyata keçirdiyi hər ikinci və növbəti obyekt üçün nizamnamə (şərikli) kapitalının artırılmalı hissəsinin miqdarı, girov vəsaitinin məbləği və digər tələblərlə bağlı əlavə məlumat müvafiq qaydalar təsdiq olunduqdan sonra veriləcəkdir.
Fiziki şəxslərin hüquqi şəxs yaratmadan valyutadəyişmə məntəqəsi aça bilməsi məsələsinə gəlincə isə, Mərkəzi Bankdan qeyd edilib ki, Qanunun 13-1-ci maddəsinə əsasən valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın verilməsi ilə bağlı rezident (qeyri-rezident) hüquqi şəxslər Mərkəzi Banka müraciət edə bilər.
Qeyd edək ki, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər. “Valyuta tənzimi haqqında” qanuna edilən dəyişikliyə əsasən isə fiziki və hüquqi şəxslərə də valyutadəyişmə məntəqələri açmağa icazə verilməsi nəzərdə tutulur. Bəzi hallarda bank filiallarında valyuta dəyişmək istəyən insanlar növbəyə durmaq məcburiyyətində qalır. Eyni zamanda ölkəmizə gələn turistlər də, xüsusilə şənbə və bazar günləri valyuta dəyişməkdə çətinlik çəkirlər. Yeni valyutadəyişmə məntəqələrinin açılmasından sonra bu problemlərin aradan qalxacağı gözlənilir. (Trend)