Azərbaycanda əhali tərəfindən dollar, ingilis funt-sterlinqi, avronun alışı və satışı azalıb.
FED.az xəbər verir ki, Mərkəzi Bankın 2018-ci ilin 1 dekabr tarixinə açıqladığı rəqəmlərə görə, yalnız rus rublunun satışında artım müşahidə olunur.
Göstəricilərə əsasən, banklar tərəfindən bu ilin noyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı əhaliyə 216 milyon 363 min dollar satılıb.
Banklar isə əhalidən 162 milyon 842 min dollar alıblar. Bankların satışı əvvəlki ayla müqayisədə 1 milyon 246 min dollar və yaxud 0,6%, alışı isə 14 milyon 142 min dollar və yaxud 8% azalıb.
Beləliklə, satışla alış arasında 53 milyon 521 min dollar fərq var, bu isə dollarının xalis satışının bu qədər çox olduğunu göstərir.
Eləcə də bax: O pullar apreldən sonra veriləcək – VERGİLƏR NAZİRLİYİNDƏN AÇIQLAMA
Mərkəzi Bankın məlumatlarına istinadən demək olar ki, 2018-ci ilin noyabrında oktyabr ayı ilə müqayisədə xalis satış 12 milyon 896 min dollar və yaxud 32% çoxdur.
Ümumilikdə, noyabr ayında banklar nağd dolların alqı-satqısı üzrə 379 milyon 206 min dollar həcmində əməliyyatlar aparıblar, bu isə bir ay əvvəlki göstərici ilə müqayisədə 15 milyon 388 min dollar və ya 3,9% azdır.
Avronun alışı 15 milyon 685 min avro, satışı 70 milyon avro olub. Qeyd etdiyimiz kimi, yeganə artım rus rublunun satışında qeydə alınıb. Əgər 2018-ci ilin oktyabr ayında 279 milyon rubl satılmışdısa, noyabr ayında satılan rublun həcmi 282 milyona yüksəlib.