Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı sorğu daxil olarsa, layihəni hərtərəfli qiymətləndirməyə hazırdır.
Avropa Bankı Gəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına kredit ayırıb
FED.az xəbər verir ki, bu barədə Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze bildirib.
İrimiqyaslı enerji layihələrini nəzərdən keçirərkən, EBRD üçün onların təkcə cari enerji ehtiyaclarını ödəməsi deyil, həm də uzunmüddətli enerji keçidi məqsədlərinə uyğun olması vacibdir.
“EBRD investisiyalarının davamlı gələcəyə töhfə verməsini təmin etməyə çalışır. Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı qərarı Azərbaycan hökuməti verməlidir. Əgər bizə maliyyələşdirmə ilə bağlı sorğu daxil olarsa, layihənin iqtisadi məqsədəuyğunluğu, iqlim aspektləri və Paris Sazişi üzrə öhdəliklərimizə uyğunluğu nəzərə alınmaqla, onu hərtərəfli qiymətləndirməyə hazırıq”, - deyə N. Mouravidze bildirib..
Qeyd edək ki, Cənub Qaz Dəhlizi “Şahdəniz” layihəsinin ikinci mərhələsini, Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Gürcüstan-Türkiyə ilə sərhəd) genişləndirilməsini, Türkiyənin şərqindən qərb sərhədinə qədər uzanan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və İtaliyanın cənubu ilə Yunanıstanı birləşdirən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) hissəsini, əhatə edir.
Layihənin ümumi dəyəri 45 milyard ABŞ dolları qiymətləndirilirdi, lakin onun həyata keçirilməsi 33 milyard dollara başa gəlib. EBRD 2018-ci ildə TAP-ın tikintisini maliyyələşdirmək üçün 500 milyon ABŞ dolları kredit ayırıb.
Cənub Qaz Dəhlizinin ilkin ötürücülük qabiliyyəti illik 16 milyard kubmetr idi. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb bölgələrinə çatdırılması nəzərdə tutulub. Türkiyəyə qaz tədarükü 2018-ci ilin yayında başlayıb. Azərbaycan qazının “Şahdəniz” yatağından İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya ixracına 31 dekabr 2020-ci il tarixindən başlanılıb.
Hazırda TAP-ın gücünü 2027-ci ilin sonunadək ildə 16-20 milyard kubmetrə çatdırmaq imkanları nəzərdən keçirilir.
Hazırda Azərbaycan 12 ölkəni təbii qazla təmin edir. (Report)