Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) "AccessBank"a Azərbaycanda gənclərin rəhbərlik etdiyi və onlara məxsus mikro, kiçik və orta sahibkarlıq subyektlərini (KOS) dəstəkləmək məqsədilə ("Youth in Business for Caucasus Programme" çərçivəsində) 20 milyon ABŞ dollarınadək kredit ayırır.
Şəki üçün Avropa bankından 90 milyon avroya yaxın borc alına bilər
FED.az xəbər verir ki, bu barədə EBRD məlumat verir.
Məlumata görə, kredit iki bərabər tranşla veriləcək, onların hər biri 3 illik müddətə, o cümlədən 1 illik güzəşt dövrü ilə təmin olunacaq. İkinci tranşın ayrılması barədə qərar EBRD rəhbərliyinə həvalə olunub.
EBRD-nin məlumatına görə, layihə həm inklüziv, həm də rəqabətqabiliyyətli xüsusiyyətlər daşıyır və ölkədə gənclərə yönəlik biznes kreditlərinin həcmini artırmaq, "AccessBank"ın potensialını gücləndirmək və gənc sahibkarlar arasında maliyyə savadlılığını inkişaf etdirmək məqsədi daşıyır.
Məlumatda qeyd olunur ki, layihə çərçivəsində AccessBank nəticəyə əsaslanan kompensasiya (RBC) və ilk itki riskinin paylaşılması mexanizmi (FLRC) kimi innovativ maliyyələşmə alətlərindən faydalanacaq. Bu mexanizmlər vasitəsilə gənc sahibkarlara daha aşağı faiz dərəcələri və daha çevik girov tələbləri təklif ediləcək.
Proqram Avropa İttifaqı tərəfindən Avropa Davamlı İnkişaf Fondunun (EFSD+) və SSF mexanizmləri vasitəsilə maliyyələşdiriləcək. Layihə həmçinin Kiçik Bizneslərə Məsləhət Proqramı (ASB) çərçivəsində texniki dəstək və təlim komponentlərini də əhatə edir.
EBRD bildirib ki, kredit vəsaiti yalnız gənclərə məxsus və ya onların idarə etdiyi KOS-lara yönəldiləcək və bu layihələr aşağı ekoloji və sosial risk daşıyacaq. (Apa)












